Paşinyanın avantürist siyasətinin nəticəsi

0
47

Ermənistan ordusu qadınların ümidinə qalıb

Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin aprelindəki son siyahıyaalmada erməni əhalisinin ümumi sayı 2 milyon 962,1 min nəfər göstərilib. Bununla yanaşı, komitə 2018-ci ilin eyni dövrü ilə müqayisədə respublika əhalisinin 7,8 min nəfər azaldığını da etiraf edib.

Erməni saytlarında dərc olunan materiallara görə, bu gün işğalçı ölkədə həqiqətən də demoqrafik sahədə ciddi problemlər yaşanır. Bu mənada baş nazir Nikol Paşinyanın Ermənistanda yaşayan ermənilərin sayının 4 milyona çatdırılacağı barədə verdiyi vəd də cəfəngiyyatdan başqa bir şey deyil.

Bu azalmada ermənilərin müxtəlif ölkələrə də köç etmələri öz təsirini göstərməkdədir. Belə ki, Qaydar adına Siyasi-İqtisadi İnstitutun araşdırmasına görə, cari ilin yanvar-aprel aylarında təkcə Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin uyğun dövründə 4,9 min nəfər olub. Qeyri-rəsmi rəqəmlərə görə, bu rəqəm iki dəfə çoxdur. Məlumatda, həmçinin bildirilir ki, son vaxtlar ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edirlər. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edənlərdir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 12 mindən çoxdur. Bunun da səbəbləri aydındır. Belə ki, bu gün Ermənistan əhalisi sabitliyin nə olduğunu bilmir, ölkədə işsizlik, korrupsiya, üstəlik, təşviş, qorxu hökm sürür.

Digər tərəfdən, gənclər yaxşı başa düşürlər ki, Ermənistan ordusundakı zorakılıq və özbaşınalıq halları, xüsusilə də özgə torpağında “xidmət” keçmək onlar üçün çox çətindir. Daha doğrusu, gənclər bir ovuc millətçi-şovinistin ucbatından ölmək istəmirlər. Odur ki, Nikol Paşinyan hakimiyyəti orduda yaranmış boşluğu doldurmaq məqsədilə dəridən-qabıqdan çıxır. O, hətta əcaib üsullara belə əl atır. Hətta rəsmi İrəvan  Rusiya bazarlarında çörək pulu qazanan erməni gənclərinin, eləcə də hərbi çağırışdan yayınaraq bu məkanlarda “məskunlaşmış” gənclərin təqibinə də başlayıb. Bütün bunlara baxmayaraq gənclər ordudan yayınmaqda davam edidlər. 

Bu günlərdə hərbçilər qarşısında çıxış edən Nikol Paşinyan orduda yaranmış bu boşluğu doldurmaq məqsədilə yeni bir “ideya” irəli sürüb. Belə ki, o, Ermənistan ordusundu qadın hərbçilərin sayının artıralaçağını bildirib. O, hətta  yaxın gələcəkdə ordu sıralarında qadın zabitlərin sayının çoxalacağını da sözlərinə əlavə edib. Şübhəsiz, bu fakt işğalçı ölkədə, əgər belə demək mümkünsə, kişi qıtlığından xəbər verir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu gün həqiqətən də ermənilərin ön xətdə yetərli sayda əsgər və zabiti yoxdur: “Çünki Ermənistan  vətəndaşları müxtəlif bəhanələrlə ordudan yayınmaqda davam edirlər.  Çox güman ki, belə halların sayı daha da artacaq. Yəni, Ermənistanda hərbi çağırış kampaniyası ilə bağlı yaşanan problemlər bundan sonra daha da dərinləşəcək. Bu da səbəbsiz deyil. Bəri başdan deyim ki, erməni gəncləri Qarabağla bağlı məsələyə özlərinin milli problemi, maraqları kimi baxmırlar. Digər tərəfdən, aprel döyüşlərində qısa zaman kəsiyində işğalçı ordunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilməsindən sonra erməni hərbçiləri qorxuya düşüblər. Bu məğlubiyyət sadə erməni xalqını da sanki qəflət yuxusundan oyadıb. Odur ki, onlar bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırırlar. Daha doğrusu, onları ölkədən çıxarırlar. Bu mənada  Ermənistan hələ də aprel döyüşlərinin vahiməsini yaşamaqdadır desək, yanılmarıq.  Odur ki, Ermənistan ordusu postları canlı qüvvə ilə təmin etməkdə  böyük çətinliklərlə üzləşib”.

Şair Ramaldanovun fikrincə, bu kimi faktlar bir daha sübut edir ki, erməni xalqı artıq müharibədən təngə gəlib: “Dinc əhali digər sahələrdə olduğu kimi, ordu müstəvisində də Nikol Paşinyan iqtidarına etimadını tamamilə itirib. Yəni, xalq anlayır ki, o, ölkəyə nəzarəti əlində saxlamaq üçün insanları zorla müharibəyə, hərbi xidmətə təhrik edir.  Bir sözlə, xalq öz ordusunu xilaskar qismində görmür. Elə bu səbəbdən övladlarını hərbi xidmətə göndərməkdən imtina edirlər. Odur ki, Nikol Paşinyan qadınlara hərbi forma geyindirmək qərarına gəlib. Necə deyərlər, Ermənistan ordusu arvadların ümidinə qalıb. Bu, həm də Ermənistan ordusundakı acınacaqlı vəziyyətin göstəricidir”.