Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçməyəcək

0
108

Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçməyəcək. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun birgə yaydığı məlumatda deyilir.

Bildirilir ki, Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq.

Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Son bir il ərzində İranın gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İranın müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub. Razılığa əsasən, Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İranda artıq gömrük yoxlamasından keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.