İslahatlar yalnız bu günə deyil, həm də sabaha hesablanıb

0
89

2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37825,2 milyon manata çatıb. İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb. Görünən odur ki, artım qeyri-neft sektorunun hesabınadır.

Sevindirici haldır ki, bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  16 milyard 994 milyon 659 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, idxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min ABŞ dolları, ixrac əməliyyatları üzrə isə 9 milyard 979 milyon 26 min ABŞ dolları ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.

Milli Məclisin deputatı Azər Badamov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu uğurlara son illər ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və nümayiş etdirdiyi siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar və sair buna əyani sübutdur.

Bu mənada iqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözlənilən idi. Şəxsən mənim də qənaətim belə idi. Yeri gəlmişkən qeyd edim ki, aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.  Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Digər tərəfdən, “Azərbaycan 2019 – Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur. Altı ayda Avropa İttifaqı ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub”.

Milli Məclisin deputatı daha sonra vurğuladı ki, iqtisadiyyatda müsbət makroiqtisadi göstəricilər bundan sonra da yüksələn xətlə inkişaf edəcək: “Şübhəsiz, daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanlarımız növbəti illərdə yeni hədəflərə çatmaqda xüsusi rol oynayacaq. Çünki bu islahatlar yalnız bu günə deyil, həm də sabaha hesablanıb. Onu da xatırlatmaq istəyirəm ki, Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurları dəyərləndirərkən bu nailiyyətlərlə kifayətlənməməyi və dayanıqlı inkişafı təmin etmək üçün daha fəal işlər görülməsinin vacibliyini söyləyib”.

Qvami Məhəbbətoğlu, “İki sahil”