Quba üçüncü “Alma bayramı”na hazırlaşır

0
298

Qubada 22 oktyabrda keçiriləcək üçüncü “Alma bayramı”na hazırlıq prosesi sürətlə davam edir. Bununla əlaqədar Quba Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə Təşkilat Komitəsi təsis olunub. Hazırlıqla bağlı Təşkilat Komitəsinin sədri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Afət Həsənova ilə söhbətləşdik. O bildirdi ki, 2 aya yaxındır ki, bayrama hazırlıqlara başlanılıb, ssenari hazırlanıb, təkliflər verilib, tədbirin hər bir komponenti barədə müzakirələr olub: “Hələ ötənilki “Alma bayramı”nın səhəri günündən növbəti “Alma bayramı”na psixoloji olaraq hazırlıqlar  barədə fikir mübadiləsi olub. Bu bayram artıq ənənə halını alıb. Heydər Əliyev adına Parkda keçiriləcək bayramın proqramı rəsmi-protokol çıxışlarla başlayıb, paradla davam edəcək. Nəfəs alətlərindən ibarət orkestrin müşayiəti ilə parkın qarşısındakı Heydər Əliyev prospekti boyunca ilk olaraq, dövlət atributumuz olan üçrəngli bayrağımızın paradı, bayramın loqosu hazırlanmış almaların rəngarəng təqdimatla-maşın karvanlarının keçidi planlaşdırılır. Bunun davamı olaraq bildiyimiz kimi, bu il bir neçə rayonun iştirakı ilə internetlə səsvermə zamanı Quba “Gənclər Paytaxtı 2014” üzrə qalib olub. Bu cəhətdən gənclərimiz ön planda tutulacaq, vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetiriləcək, şahin-hərbi idman oyunlarında iştirak edən yerli komanda üzvlərinin yürüşü təşkil ediləcək. Daha sonra parkın ərazisində əsasən almadan ibarət simvolik olaraq meyvələrin-almaların rəqsi nəzərdə tutulur və bu, tədbirə maraq qata biləcək mövzular sırasındadır. Gürcüstanda yaşayan  həmyerlilərimizin zurnaçılardan ibarət zurnaçılar dəstəsi proqramı zənginləşdirəcək”.

Afət Həsənovanın sözlərinə görə, “Alma bayramı”nda həmçinin kənd təsərrüfatı məhsullarının, sənətkarlıq və əntiq əşyaların təqdimatından ibarət sərgilərin təşkili nəzərdə tutulur: “Multikulturalizmin nümunəsi olan rayonumuzda azsaylı xalqların həyat şəraitini, adət-ənənələrini, mətbəxini əks etdirən nümunələr də tədbirə xüsusi rəng qatacaq. Xalq çalğı alətləri, muğam üçlüyü gözəl ifalarla bayram ab-havasını musiqi nömrələri ilə rəngarəngləşdirəcək. Ən əsası isə Bayraq meydanının həndəvərində naz-nemətlərlə əhatə olunmuş xan-şahənşah onun üçün qurulmuş taxtdan bayram prosesini izləyəcək. Sözsüz ki, almadan bişirilib-hazırlanmış müxtəlif məhsullar bu bayrama şirinlik qatacaq. Gənclərin təqdimatında “fləş-moblar”, gitara ifaları da xüsusi diqqətçəkən məqamlardan olacaq”. Bayrama əsasən millət vəkilləri, diplomatik korpusun rəhbərlikləri, qonşu rayonların İcra Hakimiyyətinin başçıları, ictimai xadimlər dəvət olunan qonaqlar sırasındadırlar. Bayramın növbəti mərhələsində konsert və sonda atəşfəşanlıq planlaşdırılır.

Amil Tağıyev, Quba

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here