Bakı Xaçmaz pomidorunun yolunu gözləyir

0
42

Qiymətlərin baha olmasının bir səbəbi də məhsulun şəhərə gəlib çatmasında rolu olan vasitəçilərin sayının çoxluğudur

Son günlər meyvə-tərəvəzin baha qiyməti ciddi müzakirə mövzudur. İyul ayının bitməsinə bir həftə qalsa da, sanki bəzi meyvə və tərəvəz növləri bazara yeni daxil olub. Xüsusilə də yayın ən çox sevilən tərəvəzi olan pomidorun qiyməti heç də ürəkaçan deyil. Bu da haqlı olaraq istehlakçıların narazılığına səbəb olur. 
Kənd təsərrüfatı yarmarkalarına baş çəkib qiymətlərlə maraqlandıq. Pomidorun qiyməti 1-3 manat arasında dəyişir. Ekspertlərlə danışıb, mövcud bahalığın səbəbini və həm kəndliyə, həm də şəhərliyə sərf edəcək qiymətin necə formalaşması gərək olduğunu öyrənməyə çalışdıq.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirdi ki, Xaçmaz pomidoru bazara tam daxil olduqda, ciddi ucuzlaşma baş verəcək: “Bazar deyəndə, daha çox Bakıda qiyməti formalaşdıran böyük topdan satış mərkəzləri nəzərdə tutulur. Bunlar da 8-ci km, Meyvəli və Sumqayıt bazarlarıdır. Hazırda əlimizdə son bir həftənin, yəni 12-21 iyulu əhatə edən dövrün monitorinqi var. Xaçmaz pomidoru bazara hələ ki çox cüzi həcmdə daxil olduğu üçün onun qiymətini müəyyən edə bilmirik. Xaçmazda hələ ki kütləvi yetişmə olmayıb və Xaçmaz pomidoru bazarda dominantlıq edə bilmir. Topdan satış bazarlarında isə son qiymət 1-1.10 manat aralığında olub. Bazarlarda satışda olan Salyan və Bakı ətrafı Zirə pomidorudur. Salyan pomidorunun qiyməti isə 1.50 qəpikdən 85 qəpiyə düşüb. Yəni təxminən son bir həftə ərzində 19% faiz ucuzlaşma olub. Digər rayonlardan gələn pomidorların qiyməti 1.40-dan 1.20 qəpiyə düşüb. Burada da 10% ucuzlaşma müşahidə olunur. Təbii ki, bu ciddi ucuzlaşma deyil, amma ucuzlaşma tendensiyası başlayıb. Xaçmaz pomidoru bazara tam daxil olduqda isə ciddi ucuzlaşma olacaq”. 

Ekspertdən Xaçmaz pomidorunun gecikmə səbəbini soruşduq: “Bilirsiniz ki, Xaçmaz digər rayonlarımızla müqayisədə şimal istiqamətdə yerləşir və buna görə də gündəlik olaraq orada iqlim dəyişikliyi müşahidə olunur. Pomidor isə istilik sevən bitkidir və onun tam yetişməsi üçün orta temperatur təxminən 26-33 C dərəcə olmalıdır. Qeyd edim ki, Xaçmazda stress faktorları müşahidə edilir. Hava bir gün isti, bir gün soyuq olur. Hətta, bəzi günlər yağış yağır. Bu zaman bitkilərin yetişmə prosesində fasilə yaranır. Yəni, bitki kütləvi şəkildə yetişmir. Məsələn, fermer əvvəl sahəyə girəndə iyul ayında 50 yeşik yığırdısa, indi 3-4 yeşik ancaq yığır. Havada lazım olan optimal temperatur əmələ gəlmir ki, məhsul yetişsin və kütləvi şəkildə bazara girib qiymətlərə təsir etsin. Xaçmaz pomidoru bazara girən kimi, qiymətlər çox aşağı düşəcək. Yəni, hazırda əsas olaraq Xaçmaz pomidorunun yetişməsini gözləyirik”.  

Müsahibimiz Xaçmaz pomidorunun bazara girməsi ilə qiymətlərin ucuzlaşacağını deyir. Təbii ki, bu ucuzlaşma biz şəhərliləri sevindirir, bəs kəndlini necə? Maraqlıdır, qiymət aralığını necə formalaşdırmaq lazımdır ki, həm kəndliyə, həm də şəhərliyə sərf eləsin?: “Bu sualı verməyiniz çox yerinə düşdü. Açığı, hər kəs qiymətin düşməyini istəyir, amma kəndlini də düşünmək, onun da iqtisadi müdafiəsini həyata keçirmək lazımdır. Belə bir sual verim, məhsul maya dəyərindən aşağı düşəndə nə baş verər? Düşünün ki, bu il pomidor lap su qiymətinə oldu. Növbəti il də insanlar əkmədi, araya işbazlar girib başqa ölkədən idxal edib satışa çıxardılar. Elə düşünürsünüz ki, həmin pomidor ucuz olacaq? Onlar da 1-2 manat arası satacaqlar. Bilirsiniz necədir? Gərək, biz yerli istehsalçını qoruyaq. Düzdür, istehlakçılar qışa tədarük görə bilmirlər, 2 manata pomidor alırlar deyə narazılıq edirlər. Amma digər tərəfdən də etiraf etməliyik ki, fermerimiz yaxşı qazanır. Bu, sualınızın ritorik tərəfidir. İndi konkret cavab olaraq deyim ki, günümüzdə bir kilo pomidorun maya dəyəri rayondan asılı olaraq 1-2 qəpik fərq eləsə də, real qiymət 19-20 qəpikdir. Fermer də üzərinə 10 qəpik xeyir qoyur. Ondan sonra isə həmin məhsul alıcıya gəlib çatanadək bir neçə əl dəyişdirir və beləcə, baha qiymət formalaşır. Biz əsas olaraq məhsulun şəhərə gəlib çatmasında rolu olan vasitəçilərin sayını azaltmalıyıq. Bu zaman hər iki tərəfə uyğun qiymət formalaşdırıla bilər”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı son dönəmlər pomidorun qiymətindəki bahalaşmanın bir neçə səbəbi olduğunu bildirdi: “Bahalığın ilkin səbəblərindən biri məhsulun istənilən səviyyədə yetişməməyidir. Son dönəmlər müşahidə edilən hava şəraitinin uyğun olmamağı məhsulun gec yetişməsi və bazara gec daxil olması ilə nəticələndi. Təbii ki, burada aqrotexniki, toxumun düzgün seçilməməyi səbəbləri də var. Bundan başqa, bazarda məhsulun baha olmağının bir digər səbəbi onun fermerdən alındıqdan sonra bir neçə vasitəçinin əlindən keçməsidir. Aradakı vasitəçilər kəndlidən məhsulu ucuz alırlar, amma şəhərdə baha qiymətə satırlar. Onu da qeyd edim ki, Bakıda bazarlara giriş olduqca çətindir. Fermer birbaşa bazara giriş edə bilmir. Əgər fermer birbaşa olaraq özü bazara giriş edə bilərsə, arada vasitəçi olmazsa, bu zaman hər iki tərəfə sərf edəcək optimal qiymət formalaşar”. kaspi.az