Qarabağ atları əvvəlki tək meydandadır

0
118

Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarilə Nesey atlarından götürüb. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olub. Yunan tarixçisi Herodotun mənbələrində də Qarabağ atları ilə bağlı faktlar qeyd olunub. Herodot yazır: “e.ə. IV əsrə aid Midiyada Nesey adlanan geniş ərazidə Xəzərin cənub-qərbində daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib”. Qarabağ atları Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atları əsrlərboyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilib. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılıb. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, eləcə də Qərbi Avropa atçılığına böyük təsir göstərib.

Bəzi ərəb mənbələrində isə VIII əsrdə Azərbaycanda artıq İslam dininin bərqərar olduğu dövrdə qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qənimət kimi Ərəbistana aparılması qeyd olunur. Qeyd edək ki, Qarabağ atları çevik olduğu üçün yürüşlərdə və döyüşlərdə daha çox istifadə olunub.

Bundan başqa XIX əsrdə rus hərbi qoşunlarında Qarabağ atlarından istifadə edilib. XIX əsrdə Zaqafqaziyadakı Rusiya hərbi qoşunlarının komandanlarından olan Çudovski deyir: “Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki yanaşı gedən Kabardin atı tamamilə tər içində olur”.

Qeyd edək ki, Qarabağ xanı Pənah xan, onun sülaləsinin davamçıları Mehdiqulu xan və Cəfərqulu xan Qarabağ atlarının yetişdirilməsinə xüsusi fikir veriblər. Xan zavodlarında aparılan işlərin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, həmin işlər məqsədyönlü olmaqla cinsin təkmilləşməsinə və arzu olunan tiplərin artırılmasına xidmət edib. Mütəxəssislərin fikrinə görə, Qarabağ atlarının Rusiyada, Avropa ölkələrində atcılığın inkişafına böyük təsiri olub. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar.

Bundan başqa Rusiya imperator ordusunun polkovniki Ditrixs Qarabağ atlarının digərlərindən şəxsi xüsusiyyətlərinə görə ayrıldığını deyir. O qeyd edib ki, Qarabağ atları sürətli qaçışı ilə yanaşı, sahibinə itaətli və davranışlarında sakitdir.

Qarabağ atları Avropada da məşhur olub. Bu atlar XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və medallarla qayıdıb. İştirakçı atların şəkilləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Hətta XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. Deyilənlərə görə, ilk dəfə fransız xanımları öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar. Bundan başqa, Böyük Britaniyaya səfər edən SSRİ Mərkəzi Komitəsinin katibi Nikita Xruşşov 1956-cı ildə Kraliça II Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan “Zaman” adlı Qarabağ atı da bağışlayıb. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparıb.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox sahələrdə olduğu kimi, atçılıq təsərrüfatına da ziyan dəymişdi. Son illərdə isə Qarabağ atı cinsinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində zəruri addımlar atılıb. İndi də Qarabağ atları əvvəlki tək meydandadır. azərtac