“Şəhərdən kəndə”: Turizmin inkişafına töhfə verəcək yeni layihə

0
42

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə aqrar sahə yeni mərhələyə qədəm qoyub. Kənd təsərrüfatında reallaşdırılan çoxsaylı dövlət layihələri sayəsində məhsuldarlıq artıb. Məhsullarımızın “Made in Azerbaijan” brendi ilə  xarici bazarlara çıxışı təmin olunub.

Son vaxtlar “Kəndən şəhərə” layihəsi fermerlərə məhsullarını birbaşa şəhərdəki istehlakçıya çatdırmağa da imkan yaradıb. Hazırda isə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən reallaşdırılan “Şəhərdən kəndə” aqroekoturizm layihəsi icra olunur.

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, “Şəhərdən kəndə” layihəsi fermerlərə məhsullarını şəhərdən gəlmiş istehlakçıya birbaşa təsərrüfatdan çatdırmağa imkan verəcək: “Layihə çərçivəsində fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaqlar. Bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq. Bu layihə bölgələrdə işsizliyin və miqrasiyanın səviyyəsinin daha da azalmasına öz töhfəsini verəcək. Bundan başqa, “Şəhərdən kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı məhsullarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı qazanacaqlar. Bu mənada aqroekoturizm kənd təsərrüfatı ilə turizmi bir-birinə yaxınlaşdıracaq. Bu xüsusiyyətlətinə görə dünyanın bir sıra ölkələrində aqroekoturizm sürətlə inkişaf edir, turizm sektorunda əsas istiqamətə çevrilir.  Şübhəsiz, həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə də bu istiqamətdə müəyyən uğurlara imza atılacaq”. 

Nicat Nəsirilinin sözlərinə görə, bu istiqamət respublikamız üçün yeni olsa da, bir sıra ölkələr artıq bu sahədə böyük təcrübə qazanıblar: “Şübhəsiz,  bu layihənin icrası prosesində həmin ölkələrin təcrübəsindən də istifadə olunur. Yeri gəlmişkən qeyd edim ki, İsveçrədə son illər turizmdən gələn gəlirlər  2/3 dəfə artıb və bu artım kənd turizminin hesabına baş verib. Avropa ölkələrinin standartlarına görə, kəndlinin bir nəfəri  qonaq saxlamaqdan gələn gəlirləri bir baş heyvanın gəlirlərini dəfələrlə üstələyir. Qardaş Türkiyədə də aqroturizm digər sahələrlə müqayisədə gəlir səviyyəsi aşağı olan kənd yerlərində əhali üçün əlavə qazanc mənbəyi təmin edən, bölgənin sosial-mədəni inkişafını irəli aparan iqtisadi fəaliyyət sahəsidir. Postsovet məkanına gəldikdə isə hər il Belarusda ölkə əhalisinin 82%-i ekoturizmdən istifadə edir. Onu da deyim ki, Ümumdünya Ticarət Təşkilatının hesablamasına görə, yaşıl turizm iştirakçılarının sayı dünya turizminin 20%-ni təşkil edir. Yaşıl turizm iştirakçılarının maraq dünyasında prioritetliyi kənd mənzərələri, təbiətin zəngin ehtiyatları, köhnəlmiş ənənələr, qonaqpərvərlik qaydaları, memarlıq və mədəniyyət abidələri, xalq əyləncə mərasimləri təşkil edir”.

Müsahibimiz “aqroekoturizm”,”yaşıl turizm” anlayışlarına da aydınlıq gətirdi: “Müasir turizm trendlərinin təhlili göstərir ki, getdikcə turistlərin  maraq dünyası “S” (Sun-Sea-Sand- günəş, dəniz, qum) üçlüyündən “L” üçlüyünə sarı (Landscape-Lore-Leisure – mənzərə, ənənə, istirahət) dəyişməkdədir. Aqroturizm marşrutları bu marağı stimullaşdırır, əlaqələndirir və xidmət sahəsinə çevirir. Coğrafi sərhədlərdən asılı olmayaraq, şəhərlə kənd əhalisi arasında  insanların vahid birgəyaşayış standartlarını formalaşdırır, kəndin zəngin resurslarını çoxsaylı xidmətlərə ehtiyacı olan şəhər əhalisi üçün əlçatan edir”.

Ekspertin fikrincə, xarici ölkələrin təcrübələrinə əsasən, əhalinin nisbətən seyrək məskunlaşdığı, lakin coğrafi resursları zəngin olan bölgələr aqroturizmin obyekti kimi seçilir: “Turistin bölgə ilə tanışlığı yaşadığı kənd evindən başlayır, burada ona təklif olunan xidmətlər təbii və çoxşaxəlidir. Bağdan meyvə-tərəvəz toplayıb, fermadan təzə yumurta və süd gətirmək, günəş doğana qədər ot biçininə getmək, heyvanları bəsləmək və digər bu kimi işlər şəhər mühitində yaşayan insanlar üçün yenilikdir”.

 Nicat Nəsirli, həmçinin bildirdi ki, aqroekoturizm fərdi sahibkar kimi rəsmi qeydiyyatdan keçmədən qurulan bir fəaliyyət sahəsidir: “Lakin vacib infrastruktur imkanlarının olmasını da şərtləndirir. Bu baxımdan sahibkar regionun və kəndin iqtisadi potensialını yaxından bilməli, miqyasından asılı olmayaraq fərdi təsərrüfatı, eləcə də turistləri yerləşdirmək üçün yaşayış evi olmalıdır. Üstəlik, qonaqları bölgədəki meşə, qoruq, memarlıq abidələri, milli-mədəni ənənələr ilə yaxından tanış etmək imkanları yaratmalıdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”