Cahangir Həsənzadə: “Artıq öz oyunumuzu tapırıq”

0
163
Premyer Liqaya uğursuz start götürən “Xəzər Lənkəran” son vaxtlar özünü toparlaya bilib. Artıq komandanın zədəli futbolçuları da sıraya dönüblər. Zədəsini sağaldaraq kollektivə qoşulan oyunçulardan biri də cənub klubunun son transferi və Azərbaycanın təcrübəli qapıçısı Cahangir Həsənzadədir. Təcrübəli qolkiper “Çempion”a müsahibəsində komandasının qaşıdakı oyunları, hədəfləri haqqında, eləcə də “Xəzər Lənkəran”ın gənc qapıçısı Orxan Sadıqlı barədə fikrlərini bildirdi. Həmçinin milli komandanın Avro-2016-nın seçmə mərhələsindəki oyunları ilə bağlı da düşüncələrini bizimlə bölüşdü.
– “Bakı” lə oyuna hazırlıq necə gedir?- Şükür Allaha, hazırlığımız yaxşı keçir. Bir müddət Lənkəranda təlim-məşq toplanışında olduq, hər gün iki məşq etdik. Qısa fasilədən sonra məşqləri Bakıda davam etdiririk. Yəni “Bakı” ilə oyunun məsuliyyətini tam dərk edirik. Lazım olan nəticəni əldə etmək üçün həm rəhbərlik, həm də futbolçular əllərindən gələni edirlər.

– “Bakı” gənc futbolçulardan qurulmuş komandadır. Bu matçdan nə gözləyirsən?

– Mən birmənalı qiymətləndirməzdim, “Bakı” ard-arda iki matçda qələbə qazanıb. Gənc futbolçulardan ibarət olmalarına baxmayaraq, yaxşı mübarizə aparan kollektivdir. “Bakı” zəif komanda deyil, ən azı rəqibə oynamaq imkanı vermir və əks-hücumlarla qol imkanları yaradır. Ona görə də, bu komandaya yuxarıdan aşağı baxmaq düzgün deyil. Əgər Premyer Liqada iştirak edirsə, zəif deyil. Biz də bunu dərk edirik və tam məsuliyyətlə qarşılaşmaya hazırlaşmaq lazımdır. Çünki nəticə əldə etmək üçün hər şeydə hazır olmalıyıq.

– Zədən tam sağalıbmı? Qarşıdakı tura hazırsanmı?

– Bəli, zədəm tam sağalıb, komanda ilə birlikdə məşqlərə çıxıram. “Bakı” ilə matçda meydançaya çıxıb-çıxmayacağımı məşqçilər təyin edəcəklər. Lazım bilsələr, oynayacağam.

– “Xəzər Lənkəran”a tam uyğunlaşa bilmisənmi?

– Artıq demək olar ki, 90% uyğunlaşmışam. Bir aydan bir az artıq vaxtdır buradayam. Düşünürəm ki, hər şey qaydasındadır. Həm komanda yoldaşlarım, həm də rəhbərlik sağ olsunlar ki, yaxşı münasibət göstərirlər. Yeni kollektivdə özümü doğma kimi hiss edirəm.

 

– Bəs Lənkəran şəhərinə? Əksər futbolçular Bakıda oynamaq istəyirlər. Lənkəranda darıxmırsan?

– Şəxsi ambisiyaları bir kənara qoysaq, əgər biz peşəkar futbolçuyuqsa, hansı şəhərin olmasının fərqi olmamalıdır. Həm Bakıda, həm Qəbələdə, həm də Lənkəranda əcnəbi futbolçular var. Avropanın və dünyanın başqa ölkələrindən bura gəlib oynayırlarsa, azərbaycanlı üçün bu, çox asan olmalıdır. Azərbaycanın hər yeri öz şəhərimiz, öz torpağımızdır. Şəraitimiz də çox yaxşıdır, darıxdırıcı heç nə yoxdur.

– Orxan Sadıqlı da artıq sağalıb. Yəni sizi gərgin rəqabət gözləyir. Bu barədə nə deyə bilərsən?

– Orxan Sadıqlı gənc olmasına baxmayaraq, keçən il, komandanın şərəfini qoruyub. Təbii ki, rəqabət olacaq, olmalıdır da. Çünki rəqabət olmasa, irəliləyiş olmaz. Düşünürəm ki, təcrübə baxımından da yaxşı səviyyədədir. Sadəcə olaraq, cavanlığını nəzərə alaraq, bir az da üzərində işləməlidir. Əslində bu, təkcə cavan yox, ümumiyyətlə, bütün futbolçulara aiddir. Hər bir oyunçu məşqlərdə daha çox çalışaraq, öz formasını qorumalıdır.

– Təcrübəli qapıçı kimi, Orxanın perspektivini necə görürsən?

– Orxan çox yaxşı qapıçıdır, özünə məxsus olan bir çox keyfiyyətləri var. Fikrimcə, Azərbaycan futboluna faydalı qapıçılardan olacaq.

– Onun müsbət və mənfi tərəfləri nələrdir və sən ona bu baxımdan kömək edirsənmi?

– Bizim mövqeyimiz rəqabətdirsə, mən çalışıram ən azı böyük qardaş kimi, ünsiyyətdə olaq, öz təcrübəmdən onunla söhbət edirik. Təkcə Orxan yox, digər qapıçımız Tərlandan da heç vaxt köməkliyimi əsirgəmərəm. Təbii ki, mənfi və müsbət cəhətlər var. Bunlar da getdikcə yaxşılığa doğru gedəcək.

– Hazırda 35 yaşın var və çempionluğa iddia edən bir klubun qapısını qoruyursan. Bu formanı qorumağının sirri nədədir?

– Sözsüz ki, ildən-ilə optimal formanı qorumaq üçün daha çox güc sərf etmək lazımdır. Əgər cavan yaşlarda bir o qədər buna fikir vermirdimsə, indi daha çox üstündə dururam. Bu, həm meydançada, həm də meydançadan kənarda belə olmalıdır. Məşqlərə daha ciddi yanaşmaq lazımdır. Düşünürəm ki, bu yaşda çempionluğa iddia edən komandada oynayırsansa və klub rəhbərliyi bunun qarşılığını verirsə, bu, sənin işini asanlaşdırır. Yəni özünə yaxşı baxa bilirsən. Peşəkar futbolçuların forması fiziki durumları ilə bağlıdır. Bunu da futbolçu özü etməlidir. Mən də öz növbəmdə əvvəlki illərdə bəzi şeylərə peşəkarcasına yanaşmırdımsa, indi daha çox fikir verirəm ki, formanı saxlaya bilim. Nə qədər alınır və ya alınmır, bu artıq məşqçilərin qiymətləndirməsindən asılıdır. Hazırda özümü normal hiss edirəm.

– Karyeranı nə zaman bitirməyi düşünürsən və bitirdikdən sonra hansı işlə məşğul olacağını müəyyənləşdirmisənmi?

– Yox, hələlik o barədə düşünmürəm. Çünki bu məsələ birmənalı deyil mənim üçün. İndi bütün gücümü səfərbər etmişəm ki, Premyer Liqa oyunlarında komandama faydalı ola bilim. İşdir, nə vaxtsa bitirəsi olsam, sözsüz ki, başqa bir alternativ işlə məşğul olacağam. Bunların arasında qapıçı məşqçiliyi də var, ümumiyyətlə, baş məşqçi olmaq da. Yalan deyərəm ki, bu fikirlər beynimdən keçmir. Amma hələ futbolçuyam, oyunlarım haqda düşünürəm. Hadisələrin gedişini zaman göstərəcək.

– “Xəzər Lənkəran” mövsümə heç də uğurlu start götürmədi. Səncə, bunun səbəbi nədir?

– Mən “Xəzər Lənkəran”a 3-cü turdan qoşuldum. Mən gələndə komanda 2 oyunda 5 xal itirmişdi, 3-cü matçda da məğlub olduq. Komanda səviyyəli futbolçulardan qurulub. Sadəcə olaraq, mən gördüyüm oyunlarda bir az bəxtimiz gətirmirdi. Artıq öz oyunumuzu tapırıq. Ard-arda yaxşı oyunlar keçirsək, liderlik qrupunda mövqeyimizi biləcəyik.

– Çempionluq hədəfiniz hələ də qalır, yoxsa mükafatçılar sırasına düşmək sizi qane edəcək?

– Bilirsiniz, futbolçunun həm rəhbərlik tərəfindən, həm öz qarşısına qoyduğu məqsəd çempionluqdur. “Xəzər Lənkəran” kimi komandanın, belə bir azarkeşləri olan klubun birincilikdən başqa yer düşünməsi normal deyil. Biz çempion olmaq üçün oynayırıq. Futboldur, bizdən başqa çempion olmaq istəyən komandalar da var və düşünürəm ki, zəif rəqib artıq yoxdur. Avrokubok oyunlarında iştirak etməliyik və Azərbaycan Kubokunun qalibi olmalıyıq. Çünki bizdə bu potensial var. Ona görə yox ki, biz bunu sadəcə istəyirik, bizdə olan şəraitlə bunu bacarmalıyıq. Bizim azarkeş ordumuz digər komandalara baxanda daha güclüdür və daha çoxdur. Sırf bunların xətrinə biz daha məsuliyyətli olaraq onları sevindirməliyik.

– Son olaraq, Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsindəki oyunlarını dəyərləndirərdin. Foqts artıq 7 ildir baş məşqçidir, fikrincə, necə necə olmalı idi?

– Dünənki oyunu (Xorvatiya – Azərbaycan) izlədim, bundan əvvəlki İtaliya millisi ilə olan matça da baxmışdım. Sırf azarkeş kimi fikrimi deyirəm. İtaliyada daha çox istəkli idi oyunçularımız. Bu oyunda daha çox güc sərf etdikləri üçün xorvatlarla matçda bunun bəlasına düşdülər. Birinci oyunda bütün güclərini sərf etdilər. Son anda bərabərliyi əldən verdik. Heç-heçə bizim üçün yüksək nəticə ola bilərdi və bu, xorvatlarla oyunda bizə stimul olacaqdı. Təəssüf ki, alınmadı. Nə qədər yaxşı futbolçularımız olsa da, qısa müddətdə qrupun favoriti olan iki komanda ilə ard-arda səfərdə qarşılaşmaq gücünə malik deyillər. Bu, acınacaqlı olsa da, faktdır. O ki qaldı baş məşqçimiz Foqtsun 7 illik fəaliyyətinə, onu deyə bilərəm ki, yaxşı nəticə deyil. Bu qədər vaxt yox, lap qısa müddət burada olsaydı belə, bu cür nəticə olmamalı idi. Bu hesab istənilən komada üçün acınacaqlı və ağılasığmazdır. Düşünürəm ki, burada Foqtsun günahı varsa da, futbolçularda da var. Birmənalı olaraq təkcə Foqtsu günahlandırmaqla irəli getmək mümkün deyil. Biz xorvatlara qalib gələ bilməyəcəkdik, sadəcə olaraq, daha az hesabla uduza və ya heç-heçə edə bilərdik. Səmimi fikrim odur ki, səhv təkcə məşqçi və futbolçularda yox, Azərbaycan futbolunun vəziyyətindədir.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here