Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

0
250

26-28 iyul tarixlərində Gədəbəyin Miskinli dərəsində Milli Yaylaq Festivalı keçiriləcək.

alpaninfo.com xəbər verir ki, festivalın keçirilmə məqsədi, hazırlıq prosesilə bağlı Modern.az-ın suallarını layihənin ideya müəllifi və layihə rəhbəri, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov cavablandırıb.

Yaylaq ənənələri, elat mədəniyyəti

M.Həsənov bildirib ki, Milli Yaylaq Festivalının keçirilməsində məqsəd bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasıdır:

“Kiçik Qafqaz sıra dağlarının gözəlliyinə baxmayaraq, burada turizm çox zəif inkişaf edir. Yəni Qəbələ, Quba, Şəkilə müqayisədə burada turistlər üçün yaradılan şərait, infrastruktur zəifdir. Baxmayaraq ki, təbiət də, tarix də bir çox turistik yerlərimizdən üstündür. Amma Gədəbəyin təqdimatı çox zəifdir. Festivalın keçirilməsində məqsəd, turizmlə yanaşı, 100 illərlə xalqımıza məxsus olan elat mədəniyyətinin, yaylaq ənənəsinin yaşadılmasıdır”.

“Çox böyük dəstək alırıq”

O qeyd edib ki, Festivalın keçirilməsilə bağlı ötən ildən hazırlıqlar gedir:

“Hələ ötən ildən irəli sürülən təşəbbüsün fərqli bölgələrdə gerçəkləşməsini planlaşdırırıdıq. Əsasən də Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında keçirilirdi. Gəncədə həvəskar atçılıq klubumuz var. Bununla bağlı Gəncə yaylaqlarında tədbirlər keçirməyi düşünürdük. İdeyamıza olan münasibətlərdə daha çox Gədəbəy İcra Hakimiyyəti fərqləndi. Təklifimizə dəstək verildi, bizə lazım olandan da artıq şərait yaradıldı. Bir sözlə, digər rayonlardan ala bilmədiyimiz dəstəyi Gədəbəy İcra Hakimiyyətindən gördük”.

Yaylaqda sacüstü yeməklər, kabablar, müxtəlif şirniyyatlar…

M.Həsənov qeyd edib ki, tədbirin təşkililə bağlı bir neçə dövlət qurumu birgə çalışır:

“Hazırda Festivalın üç təşkilatçısı var. “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyəti və TİKA. Festival üç qurumun təşkilatçılığı, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, Atçılıq Federasiyası, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesə Dəstək Agentliyi, Mədəniyyət Nazirliyinin dəstəyilə iyuun 26-dan başlayaraq, 3 gün davam edəcək.

Festival genişmiqyaslı el şənliyi formatında təşkil olunacaq. Milli idman növlərindən başlayaraq, teatr nümayəndələrinin, aşıqların, şairlərin saatbasaat fərqli  çıxışları olacaq. Azərbaycan milli mətbəxinin gözəl təamları festival iştirakçılarına təqdim ediləcək. Burada sırf yaylaq ənənəsinə uyğun kulinariya nümunələri təqdim olunacaq. Odun üstündə, sacüstü bişən yeməklər, kabablar, kalafır, dovğa, müxtəlif şirniyyat növləri və s.hazırlanacaq.

Dəvət olunmuş yerli və xarici qonaqlar, idmançılar, mədəniyyət xadimləri yaylaqda hər cür şəraitlə pulsuz təmin olunacaqlar. Adi vətəndaşlara isə digər yerlərdən 30 faiz ucuz olmaqla, simvolik qiymətlərlə təqdim ediləcək”.

Vətəndaşlar yarışıb, hədiyyə qazanacaq

İdeya müəllifinin sözlərinə görə, Festivala giriş könüllülük prinsipilə baş tutacaq:

“Eyni zamanda vətəndaşların iştirakı ilə fərqli yarışmalar, göstərilər, nərd oyunları, kəməndartma və s. keçiriləcək ki, istəyən şəxslər orada yarışıb qalib ola biləcəklər. Qaliblərə hədiyyələr veriləcək”.

Gədəbəyin turizminə töhfə…

M.Həsənov qeyd edib ki, Festivalın davamlı olaraq Gədəbəydə keçirilməsi nəzərdə tutulub:

“Hələ ki, tam dəqiqləşməyib. Amma rayon İcra Hakimiyyəti tərəfindən yaradılan şərait bizi çox qane edir. Məqsəd Gədəbəyin turizm zonası kimi tanıdılmasıdır. Doğrudan da Gədəbəyin əsrarəngiz təbiəti var. İcra Hakimiyyəti də ona görə maraqlıdır ki, Festival rayonun turizminin inkişafına təkan olsun. Biz əvvəl düşünürdük ki, köçərilik prinsipilə hər il müxtəlif bölgələrdə edək. Amma ehtimal var ki, Festival bir neçə il davamlı şəkildə Gədəbəydə keçirilsin. İstənilən halda bu ilki tədbir baş tutandan sonra növbətiləri müzakirə edəcəyik”.