XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb

0
41

XV Avropa Gənclər Yay Olimpiya Festivalı Bakı Tennis Akademiyasında keçirilən tennis yarışlarından start götürüb. Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar. Festivalın tennis yarışlarında Azərbaycanı Kənan Qasımov, Tamerlan Əzizov, Alina Hüseynova və Polina Drobışeva təmsil edirlər.

Xatırladaq ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda isə ümumilikdə 30 oyunçu yer alıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

İyulun 21-27-də baş tutacaq mötəbər turnir 12 idman obyektində keçiriləcək.