Gənclər Evi mətbuat nümayəndələri ilə görüş keçirib

0
104

Milli Mətbuatın yaranmasının 144-cü ildönümü ərəfəsində Mingəçevir Gənclər Evi media  nümayəndələri ilə  görüş keçirib. Mingəçevirin fəal gənci, Gənclər evinin dərnək rəhbəri Rəşad Qurbanov onlara Milli Mətbuat Günü münasibəti ilə təbriklərini çatdırıb və gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə təşəkkür edib. Söhbət əsnasında gənclərin son günlərdəki uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb.

Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb. Tədbirdə iştirak edən digər fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar Babayev, Samit Musayev və digərləri öz ürək sözləri ilə  media nümayəndələrini   təbrik ediblər. Onlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıya, şəhər rəhbərliyinin bu şərəfli ənənələri uğurla həyata keçirməsinə görə dərin minnətdarlıqlarını bildirib, bundan sonra da etimadı layiqincə doğruldacaqlarını, Vətənimizin, eləcə də şəhərimizin inkişafında əllərindən gələni əsirgəməyəcəklərini bəyan ediblər.

Tədbir səmimi  çay sürfəsi arxasında maraqlı söhbətlərlə davam edib. Sonda bir qrup media əməkdaşlarına Gənclər evinin hədiyyəsi təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir