Mingəçevir Turizm Kollecinin kollektivi Goranboy rayonunun səfalı guşəsində bir günlük istirahət edib

0
103

Tədris ilini uğurlu nəticələrlə başa vuran Mingəçevir Turizm Kollecinin   kolllektivi tədris ilinin yorğunluğunu ölkənin dilbər guşlərinin birində keçirdiyi  mənalı istirahətlə çıxarıb. Goranboy rayonunun  Ağcakənd qəsəbəsi yaxınlığında yerləşən “Gülüstan” istirahət məkanına  eksurkursiya səfəri təşkil edən təhsil müəssisəsi  gün ərzində unudulmaz anlar yaşayııb və xoş  təəssüratlar  alıb. Kollec Həmkarlar İttifaqı təşkilatının yaxından dəstəyi ilə  istirahət səfərinə üz tutan   kollektiv üzvləri  Goranboyun göz oxşayan  yaşıl dağlarının, çay və bulaqlarının əhatəsində  dincələrək   mənalı istirahət edib. Öncə  gəzinti iştirakçıları  bölgənin tarixi özəllikləri, turizm potensialı və digər üstünlükləri ilə yaxından tanış olublar. Bu işdə bölgənin turizm potensialına yaxından bələd olan turizm müəllimləri  xüsusi fəallıq nümayiş etdirib. Bir diqqət çəkən  məqam da o olub ki,  ekskursiyanın gedişində  kollektiv kollecin  bu gün artıq  həmin turizm bölgəsinin qabaqcıl strukturlarında çalışan keçmiş məzunları ilə də görüşüb, ünsiyyət qurmaq fürsəti əldə edib. Bu görüş hər kəsə qürurverici  duyğular yaşadıb.

Dağlar qoynunda keçən bir günlük istirahət  daha sonra  ləziz təamlarla bəzədilmiş   süfrə arxasında davam etdirilib. Burada   istirahət edənləri   həzin mahnı və rəqslər ifa edən musiqiçilər müşayət edib. Hər kəs rəqs edib, arzu və istəklərini paylaşıb. Pedaqoqların ifasında  azərbaycan, ingilis və fransız dillərində səslənən şerlər, musiqi parçaları və səhnəciklər ekskursiya iştirakçılarının ovaqtına müsbət çalar qatıb.

Qeyd edək ki, oxşar  şənlik  istirahət zonasının müxtəlif istiqamətlərində təşkil olunub. Müxtəliflik və rəngarənglik  gəzintini unudulmaz edib.

Rəhbərlik etdiyi kollektivin sevincinə ürək sözləri ilə dəstək verən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov   onların bundan da artıq  diqqətə və qayğıya layiq olduğunu bildirib: “Biz  bir işgüzar kollektiv olaraq hələ daha böyük hədəflərə yetişmək iqtidarındayıq. Ümid edirəm ki,  belə bir  dilbər guşədə   kollektiv üzvlərinin böyük bir heyətlə mənalı istirahət etməsi   kollecimizin ümumi işgüzarlıq potensialını daha da artıracaq. Digər tərəfdən, bölgədə turizm sahəsi ilə növbəti dəfə yaxın təmas   burada xidmət sahəsində  diqqət çəkən üstünlükləri və boşluqları müəyyən etməyə imkan verir. Biz də öz növbəmizdə  növbəti tədris ilində  kadr hazırlığı prosesində  məhz bu məsələlərə  daha çox diqqət  ayıracağıq. Çünki  turizm yönlü kadr hazırlığı  missiyasını yerinə yetirən müəsissəmiz Azərbaycan turizminin inkişafına  yetişdirdiyi peşəkar kadrların əməyi ilə töfhə verməyə borcludur”.

Ekskursiya ərzində həm də çoxsayda xatirə şəkilləri çəkdirilib.

Esmira Hidayətova , Mingəçevir