“Başqa ölkələrdə kişi və ya qadın sürücü anlayışı yoxdur”

0
234

Tıxac Bakı şəhərinin qlobal problemlərindən biridir. Bu problemi aradan qaldırmaq üçün körpülər tikilsə də, yollardakı vəziyyət dəyişməzdir. Ona görə də bu “ağrılı” mövzunu bir kənara qoyub, keçirəm ictimai nəqliyyatların daxilində baş verən hadisələrə. Axşam saatlarında avtobusa minmək böyük bacarıq tələb edir. Əgər avtobus dolu və yolunuz da uzaqdırsa, onda türklər demişkən, sizə “keçmiş olsun”. Burada görüb, şahidi olduqlarınızı yazmaq istəsəniz, bir kitaba mövzu olar. Sıxlıqdan ayağınızı qoymağa yer tapmadığınız bir vaxtda başqa bir sərnişinin ayağınızı tapdalamağa necə fürsət tapdığını isə anlamağa çalışmayın. Onsuz da bu sualın cavabını tapa bilməyəcəksiniz. İşdən çıxan insanların yorğunluğu, bezginliyi onların bir-birinə qarşı kobud davranışlarında özünü göstərir. “Bir az o tərəfə çəkilin”, “əlinizi bir az yuxarıdan tut” müraciətləri isə tez-tez rast gəlinən dialoqlardır. Nəhayət, avtobusdan sağ-salamat düşə bilmisinizsə, onda qorxmayın, siz daha həyatın bütün çətinliklərinə qarşı mübarizə apara bilərsiniz.

 Sükan arxasında oturmağın qadınlar üçün üstünlükləri nələrdir?

Bunlara hər gün şahid olmaq, hətta şahid olmaqla qalmayıb, iştirakçısına çevrilmək və daha sonra evə gedib əlavə işlə məşğul olmaq istəsəniz, çətin ki, buna taqətiniz qalsın. Əgər gün ərzində bir neçə dəfə avtobusdan istifadə etməli olursunuzsa, həqiqətən də, vəziyyətiniz acınacaqlıdır. Avtobus və metrolardakı sıxlıq insanı lap təngə gətirir. Lakin şəxsi avtomobili olanlar bu problemlərdən uzaq qalırlar və bu cür çətinliklərdən bir növ yaxa qurtarmış olurlar. Say etibarilə kişi sürücülər çoxluq təşkil etsələr də, son bir neçə ildə bu “karvana” qoşulan qadın sürücülər də az deyil. Bu, bir tərəfdən sevindirici haldır, ona görə ki, zərif cinsin nümayəndələri ictimai nəqliyyatın “macəralarını” yaşamalı olmurlar. Ancaq sürücü olmağın da öz çətinlikləri var. Qadının şəxsi avtomobil idarə etməsi onun bir işini asanlaşdırırsa, digərini də çətinləşdirir. Bəs görəsən, bu çətinliklər nədən ibarətdir? Xanımlar ən çox hansı problemlərlə qarşılaşırlar? Sükan arxasında oturmağın qadınlar üçün üstünlükləri nələrdir?

“Qadınların kiçik qayda pozuntusunu az qala fəlakətə çevirirlər”

Xanımlar bu zaman da bəzi kişi sürücülərin etik olmayan davranışları ilə qarşılaşırlar. Mövzu ilə əlaqədar müəllimə Sevil İmanova “Zaman-Azərbaycan” qəzetinə müsahibə verdi. 5-6 ilə yaxındır sükan arxasında oturan müsahibim avtomobil idarə etməyin böyük məsuliyyət olduğunu bildirdi: “İstər qadın, istərsə də kişi üçün avtomobil idarə etmək böyük məsuliyyət tələb edir. Məsuliyyətlə yanaşı, mədəni olmaq da vacibdir. Təəssüf ki, bizdə sürücülük etikası yaxşı inkişaf etməyib. Bilmirəm, bəlkə də təkcə qadınlara qarşı qeyri-etik davranış sərgiləyirlər. Ən azından müşahidələrim belə deməyimə əsas verir. Məsələn, sürücülər arasında qaydalar var ki, biri işarə verdiyi zaman arxadakı və ya qarşıdakı avtomobilin sürücüsü neyləmək lazım olduğunu başa düşür. Lakin elə hallar olur ki, avtomobilin işarə verməsinə baxmayaraq, sürücülər buna məhəl qoymur, digərini ötüb keçməyin böyük qabiliyyət olduğunu zənn edərək, bir-birilərinə yol vermirlər. Başqa bir misal olaraq, onu deyə bilərəm ki, işıqforda yaşıl işıqda gözlədiyin zaman hələ qırmızı işıq yanmamış hər kəs avtomobili hərəkət etdirməyə tələsir. Hələ sarı işığın yanmasına baxmayaraq, siqnala basırlar. Peşəkar sürücü olmaq mədəni sürücü olmaq demək deyil”.

Müsahibimiz Sevil İmanova qadın sürücülərlə kişi sürücülər arasında bəzi müqayisələrə diqqət çəkdi: “Düzünü desək, avtomobil uzaqdan yaxınlaşdıqda onu idarə edənin qadın olduğu məlum olur. O, ya xəttin üstü ilə, ya yolun tam ortası ilə, ya da sürət həddi aşağı olan yerlərdə avtomobili sürətli idarə edir. Təbii ki, bunu təkcə qadınlara şamil etmək doğru olmaz. Bu cür kişi sürücülərimiz də az deyil. Lakin bunu kişilər etdikdə nədənsə çox gözə çarpmır. Amma qadınların kiçik qayda pozuntusunu az qala fəlakətə çevirirlər. Bəlkə də bu bəzi kişilərin qadınların avtomobil idarə etməsinə normal yanaşmamasından irəli gəlir”.

 “Avtomobili sürətli idarə etmək heç də peşəkarlıqdan xəbər vermir”

”Qadınlar yavaş sürdükləri üçün onların avtomobili daha səliqəli idarə etdiklərini düşünürlər. Lakin qadınlar sürərkən qorxur və ya çəkinirlər. Bu qorxularını da yavaş sürməklə ifadə edirlər. Onu da deyim ki, sürətli idarə heç də professionallıqdan xəbər vermir. Hesab edirəm ki, peşəkar sürücü yol hərəkəti qaydalarına riayət edən və avtomobili daha diqqətli idarə edəndir. Bir neçə dəfə xarici ölkələrdə olmuşam və heç birində qadın və ya kişi sürücü deyə bir fərqləndirmə görməmişəm. Ümumiyyətlə, başqa ölkələrdə kişi və ya qadın sürücü anlayışı yoxdur. Orada qaydaya əməl edən və qaydaları pozan sürücülər var”,- deyən Sevil İmanova bəzi xanım sürücülərdə müşahidə etdiyi bir sıra xoşagəlməz davranışlardan da bəhs etdi: “Bəzi qadınlar sükan arxasında təəssüflər olsun ki, qadın olduqlarını unudurlar. Bəzi hallarda xoşagəlməz davranışlara rast gəlir insan. Qadın hansı işlə məşğul olursa olsun, o yenə də qadındır, zərifdir və bu adı qorumalıdır”.

 “Polis tez çatmağım üçün məndən qabaqda gedib, yolu açdı”

Qadının şəxsi avtomobilinin olmasının müsbət cəhətləri çoxdur. Bu, işlərini çatdırması, getdiyi yerə vaxtında çatması üçün vacib faktordur. “Düşünürəm ki, hazırkı dövrdə avtomobil təkcə rahatlıq deyil, həm də bir ehtiyacdır. Ancaq bu, qadının üzərinə əlavə məsuliyyət də qoyur. Mən səhər uşaqları məktəbə aparmalı, daha sonra işə gəlməliyəm. Axşam da eyni vəziyyət olur. İctimai nəqliyyatdan istifadə etməli olsam, bunlara və əlavə işlərimə vaxtım qalmaz. Avtomobil qadının zövqü üçün yox, onun ailəsinə və digər işlərinin həlli yolunda bir köməkçidir”,- deyə Sevil İmanova bildirdi.

Müsahibimiz əvvəlki illərlə müqayisədə hazırda qadın sürücülərə qarşı münasibətin bir qədər normallaşdığını qeyd etdi: “Əvvəllər Azərbaycanda vəziyyət başqa cür idi. Qadın sürücülərə nadir hallarda rast gəlmək olurdu. Bəzən polislər heç bir qayda pozuntusuna yol vermədiyim halda avtomobilimi saxladırdılar. Buna görə bir neçə dəfə konfliktlərim də olub. Lakin son 2-3 ildə çox böyük dəyişikliklər var. Artıq xoşagəlməz münasibətlər müşahidə olunmur. Xanım sürücülərə hörmət var. Bildiyiniz kimi, körpülər tikilir, yollar tez-tez dəyişir. Neçə dəfə olub ki, tanımadığım bir yolu polislərdən soruşmuşam, kömək ediblər. Hətta bir dəfə qızımı xəstəxanaya aparırdım, halı narahat olduğu üçün tələsirdim və qaydanı pozdum. Yol polisi yaxınlaşanda vəziyyəti izah etdim. Xətalı olduğumu bilirdim. Polis vəziyyəti gördü və cəza yazmadı. Hətta sağ olsun xəstəxanaya tez çatmağım üçün məndən qabaqda gedib, yolu da açdı. Artıq nə isə bir problemim olduqda polisdən kömək istəyə bilirəm”.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here