Bir qrup Qarabağ müharibəsi veteranı təşəbbüslə çıxış edib

0
155

Mingəçevirdə yaşayan bir qrup Qarabağ müharibəsi veteranı  öz şəhid  yoldaşlarının  adlarına salınmış xatirə bulaqlarının bərpası təşəbbüsü ilə çıxış ediblər.

Birinci qrup Qarabağ əlili Qənimət Səmədovun sözlərinə görə, şəhid yoldaşlarının xatirə bulaqlarının bəziləri  hazırda bərbad vəziyyətdıdir: “Şəhidlərin xatirəsini yaşadan bulaqların bəziləri baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu, məncə, şəhid ruhlarının təhqir edilməsi kimi bir şeydir.  Axı onlar son damla qanına kimi vətən torpağının müdafiəsi üçün əlindən gələni edib, canlarından keçiblər. Odur ki, onların adını yaşadan hər şeyi, o cümlədən bulaqları can-başla qorumaq  lazımdır”.

Qarabağ veteranı Elman Quliyev isə bizimlə söhbətində bildirdi ki, hər dəfə baxımsız, suyu qurumuş bulaqların yanından keçəndə xəcalət çəkir: ”Onları susuz, təmirsiz qoymaq bizə yaraşmır. Şəhid döyüş yoldaşlarımızın valideynlərinin də bu kimi problemləri həll etmək imkanları yoxdur. Ona görə də biz belə bir təşəbbüs irəli sürdük. Özü də biz həmin bulaqları təqaüdümüz hesabına yenidən həyata qaytarmaq niyyətindəyik. Ona görə də bütün aidiyyəti qurumlara səslənirik: Bizə əngəl olmayın. Biz heç kimdən heç bir kömək də istəmirik”

Müsahibimiz onların bu təşübbüsünə qoşulmaq istəyənlərin sayının gündən-günə artacağının da əminliklə vurğuladı.

Esmira Hidayətova, Mingəçevir