Şəbəkə ustası: 7 minə pəncərə düzəltmişəm

0
59

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkənin ictimai-mədəni və iqtisadi həyatında mütərəqqi hal kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə bu hadisə Şəkiyə turist axınını daha da artıracaq. Təbii ki, istənilən bölgəyə səyahət edən turist üçün əsas diqqətçəkici məqamlar həmin bölgənin mətbəxi, əhalinin yaşam tərzi, tarixi-memarlıq abidələri olmaqla yanaşı, həm də burada yaranan müxtəlif sənət sahələri və sənətkarlıq nümunələridir. Bu baxımdan Şəki şəhəri qədim zamanlardan papaqçılıq, dabbaqçılıq, dərzilik, rəssamlıq, dülgərlik, dulusçuluq və digər sənət sahələrinin məskəni olmaqla Azərbaycanın mədəni həyatına misilsiz sənətkarlıq nümunələri bəxş edib. Lakin ölkə ərazisində, xüsusi olaraq Şəki şəhəri üçün səciyyəvi olan bir sənət növü də var ki, bu, şəbəkə sənətidir.

Dekorativ sənət nümunəsi hesab olunan şəbəkə, müxtəlif rəngli şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas sirri arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir.

Şəkidə şəbəkə sənəti ilə məşğul olan bir neçə usta fəaliyyət göstərir. Bunlardan biri də 58 yaşlı sənətkar Tofiq Rəsulovdur. alpaninfo.com onun “Report”a verdiyi müsahibəni təqdim edir.

– Tofiq bəy, şəbəkə sənəti hansı tarixi inkişaf dövrlərini keçib?

– Azərbaycanda şəbəkə sənəti 17-ci əsrdə özünün xüsusi inkişaf dövrünü yaşayıb. Bu inkişaf, “Şəki Xan Sarayı”nın tikilməsi ilə bağlıdır. Belə ki, sarayın tikintisi zamanı şəbəkə sənətinin nəbati, şəmsi, cəfəri daxil olmaqla bütün növlərindən istifadə olunub. Oradakı şəbəkələrin dünyada bərabəri yoxdur. Saraydakı şəbəkələrdə qalınlığı 1 mm olan, İtaliyadan gətirilmiş şüşələrdən istifadə edilib. İndi o şüşələrdən tapmaq olmur. Bu şəbəkələrdən bəzisinin 1 kvadrat metrində 14 min taxta parçası var.

Sonrakı dövrlərdə şəbəkə sənəti bir qədər diqqətdən kənarda qalmışdı. Bu sənətin yenidən dirçəlişi mənim atam usta Əşrəf sayəsində oldu. Ötən əsrin 50-ci illərində atam “Xan Sarayı”nın şəbəkə işlərini bərpa elədi. 2002-ci ildə isə bu iş mənə həvalə olundu. Öz briqadamla birlikdə bu işi 2 ilə təhvil verdim.

– Nə vaxtdan bu sənətlə məşğul olmağa başlamısınız?

– Şəbəkə sənətini uşaq yaşlarımdan atamdan öyrənmişəm. 1978-ci ildən isə sərbəst şəkildə işləməyə başlamışam. Ümumiyyətlə, biz ata-babadan bu işlə məşğuluq. İki oğlum da bu sənətdədir və birlikdə atamın bizlərə miras qoyduğu məktəbi davam etdiririk. Emalatxanamda hazırda 8 nəfər şagirdim də çalışır.

– Şəbəkənin hazırlanma prosesi necədir?

– Şəbəkə sənətində əsasən fıstıq ağacından hazırlanmış, qalınlığı 5 santimetr olan taxtalardan və Rusiyadan gətirilmiş şüşələrdən istifadə edirik. İlk öncə bu taxtalar 15-20 gün ərzində buxarda bişirilir. Bu, taxtanın içindəki şirəni çıxartmaq üçündür ki, qurd yeməsin. Bişirilmiş taxtalar bir ay qurudulduqdan sonra işə başlayırıq. Bir detalın hazır olması üçün 7-8 əməliyyat həyata keçirilir. Detalları hazır etdikdən sonra şüşəni kəsirik və şəbəkəni yığmağa başlayırıq.

Bu zaman mismar və yapışqandan istifadə etmədən, toxuma üsulu ilə işləyirik. Bu çox çətin və səbr tələb edən bir işdir. Ölçülərdə 1 millimetr səhvə yol vermək bütün işi məhv edə bilər. Çalışmalısan ki, çox incə və diqqətlə işləyəsən. Təsəvvür edin ki, “Xan Sarayı”ndakı şəbəkələrdə elə hissələr var ki, biz onu əl ilə deyil maqqaşla işləmişik.

– İnsanlar arasında bu sənətə tələbat necədir?

– Şəki camaatı arasında bu sənətə maraq göstərənlər bir o qədər də çox deyil. Sifarişlərimiz əsasən Azərbaycanın digər bölgələrindən və xarici dövlətlərdən olur. İnsanlar mənzillər, villalar, otellər üçün şəbəkələr hazırlamağı sifariş verirlər.

Eyni zamanda, biz “ABAD” xidməti ilə də işləyirik. Bəzən aya 50 şəbəkə sifariş edirlər. Onlara 100-150 manata güzgülər, 110-120 manata sandıqçalar, 20-60 manata müxtəlif şəbəkələr satırıq.

Lakin yenə də əsas alıcılarımız turistlərdir. Onlar xırda suvenirlərə çox maraq göstərirlər. Xüsusən yay aylarında digər sifarişlərimizi təxirə salıb turistlərə suvenir hazırlamaqla məşğul oluruq. Bu suvenirlərin qiyməti 20 manatdan 200 manata qədərdir.

– Başqa hansı tarixi məkanların bərpasında iştirak etmisiniz?

– Gəncədə “Şah Abbas məscidi”nin, “İmamzadə”nin, həmçinin, ölkə ərazisində müxtəlif məscidlərin, ziyarətgahların şəbəkə işlərini bərpa eləmişəm. Elə bu yaxınlarda mənə Bakıdakı bir məscidin bərpa işlərində iştirak etmək üçün müraciət ediblər.

– Hazırladığınız sənətkarlıq nümunələri hansı sərgilərdə nümayiş edilib?

– Biz Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bölgələrdə tədbirlərdə iştirak edir, sərgilər təşkil edirik. Eyni zamanda, əl işlərimiz Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Fransada, İngiltərədə sərgilərdə nümayiş olunub. Belə sərgilərə qatılmağımız isə nəticə etibarilə müştərilərimizin sayını artmasına müsbət təsir göstərir. Dünyanın müxtəlif ölkələrində bizim əl işlərimiz var. Təsadüfi deyil ki, Belarusiyadakı Vatikan səfirliyinin binasının tərtibatında bizim əl işlərimizdən istifadə edilib. Oradakı səfir şəbəkə sənətinin vurğunudur.

– Şəbəkənin qiyməti hansı amillərdən asılı olaraq dəyişir?

– Şəbəkənin qiymətini detalların sayına görə təyin edirik. Detal nə qədər çox olsa qiymət bir o qədər baha olur. Hazırda bizdə 8 detal və 4 şüşədən ibarət şəbəkə var ki, onu 20 manata satırıq.

– Daha baha qiymətə satdığınız məhsullar olubmu?

– Niyə ki, 3-7 min manata satdığımız əşyalar da olub. Bu, xalça şəbəkə adlanır və hazırlanmasında həndəsi naxışlardan istifadə olunur.

Bundan əlavə, qiyməti 4 min manata qədər olan şəbəkə üsullu pəncərələr satmışıq. Ən ucuz pəncərənin 1 kvadrat metrini 800 manata hazırlayırıq.

Bu yaxınlarda bir nəfər ev üçün eni 2 metr, uzunluğu 3 metr olan xalça şəbəkə sifariş vermişdi. Onu 15 min manata hazırladıq.

– Bu vaxta qədər hazırladığınız əşyalar içində ən dəyərlisi hansı olub?

– Hazırda emalatxanamda mənim üçün ən dəyərli əşya dairəvi formada hazırladığım şəbəkədi.

Məndə Şəkidəki qədimi bir evdən çıxan və 250 il yaşı olan şəbəkə üsulu ilə hazırlanmış pəncərə də var. Bu cür qədimi əşyalar mənim üçün çox dəyərli olduğundan onları sata bilmirəm.

– Şəkidə şəbəkə sənətinin inkişafı üçün hər hansı təklifləriniz varmı?

– “Xan Sarayı”nı görməyə gələn turistlər bir qayda olaraq mənim emalatxanama da baş çəkirlər. Lakin emalatxanamda ziyarətçilər üçün ayrılan otaq elə də geniş olmadığından eyni anda çoxlu sayda turistin yerləşməsi üçün yaramır və onların narahatlığına səbəb olur. Emalatxanamın yaxınlığında böyük bir ərazi var. İstəyərdim ki, o ərazidə mənim üçün bir sərgi salonu yaradılsın. Mən də həmin salonda öz əl işlərimi, saxladığım qədimi əşyaları, həmçinin atamdan qalan, şəbəkə sənətinin tarixini əks etdirən şəkilləri turistlərə nümayiş etdirim.