Şirin Məlikova: Bu status muzeyimiz qarşısında yeni üfüqlər açır

0
251

Azərbaycanın xalça sənətinin dünyada tanıdılması və qorunub saxlanılması sahəsində müstəsna xidmətləri olan Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib. Belə ki, 15 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən, regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında rolu olan muzeylərə belə status verilir.

Azərbaycan Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova mövzu ilə bağlı “İki sahil” qəzetinə müsahibəsində qeyd etdi ki, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun hazırlanıb qəbul olunması, Azərbaycan xalçaçılıq sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, Azərbaycan Xalça Muzeyi üçün müasir üslublu binanın tikilməsi və digər çox əhəmiyyətli tədbirlər muzeyimizə dövlət qayğısının bariz təcəssümüdür: “Xalça Muzeyinə belə bir statusun verilməsi isə bütün bunların məntiqi nəticəsidir”.

Ş. Məlikova bildirdi ki, bu status muzeyimiz qarşısında yeni üfüqlər  açır: “Belə ki, milli status ölkə və dünya səviyyəsində muzeyimizin nifuzunu qaldırır, mədəniyyətimizin və incəsənətimizin qorunması, zənginləşdirilməsi və inkişafında xüsusi rolunu göstərir. Bununla yanaşı, bu sənədin qəbul olunması muzeyimizin əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan müsbət bir addımdır.

Azərbaycan Xalça Muzeyinin kollektivi bu xəbəri böyük ruh yüksəkliyi və sevinclə qarşıladı. “Milli” statusa layiq görülmüş Azərbaycan Xalça Muzeyi xalqımızın maddi sərvətlərinin qorunduğu mühüm elm və mədəniyyət müəssisəsi kimi şərəfli fəaliyyətini daha böyük məsuliyyət və əzmlə davam etdirəcək”.

Şirin Məlikovanın sözlərinə görə, ilk xalça muzeyi xalçaçılıq elminin banisi, görkəmli rəssam və pedaqoq Lətif Kərimovun təşəbbüsü ilə Bakıda yaradılmışdır: “Unikal kolleksiyaya malik muzey həm təqdim olunan zəngin materiallarına görə, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeyləri səviyyəsindədir. Statistik məlumata görə, təkcə 2018-ci ildə 110 mindən çox ziyarətçi Azərbaycan Xalça Muzeyinin kolleksiyası ilə tanış olmuşdur. Bununla yanaşı, muzeyin fəaliyyəti beynəlxalq muzey təşkilatları tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə “Ən yaxşı təcrübə” mükafatına layiq görülüb. Muzey, həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Üç il ardıcıl olaraq muzey dünyanın ən yaxşı muzeyi kimi ən məşhur və nüfuzlu turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb. Bu mükafata il ərzində “TripAdvisor”da səyyahlar tərəfindən daha çox müsbət  rəylərə müvəffəq olmuş incəsənət və mədəniyyət ocaqları, o cümlədən turizm obyektləri layiq görülür. Mükafat saytda milyonlarla insanın müsbət rəyləri əsasında seçilmiş obyektlərə verilir və bununla da, ictimai rəyi ifadə etmiş olur”.

Müsahibimiz, həmçinin vurğuladı ki, xalçalar həm xalqımızın məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətimizin nümunəsidir. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Odur ki,  ölkəmizdə xalçaçılıq ənənələrimizin qorunması, təbliğ olunması həmişə diqqət mərkəzində olub. Onu da deyim ki, bu gün  ölkəmizin bölgələrində müasir xalça fabriklərinin inşası geniş vüsət alıb. Xalça fabriklərində toxunan məhsullar artıq “Made in Azerbaijan” brendi ilə dünyaya ixrac olunur

 Yeri gəlmişkən qeyd edək ki, hazırda dünyanın bir çox xarici muzeylərində Azərbaycan xalçaçılıq məktəblərinin dəyərli nümunələri qorunur. Bunlardan ən məşhuru Böyük Britaniyanın Viktoriya və Albert muzeyindəki Səvəfi hökmdarı Şah Təhmasibin tapşırığı ilə toxunmuş “Şeyx Səfi” xalçasıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”