Azərbaycan İslam sivilizasiyasının tərəqqisində mühüm rol oynayıb

0
43

“Bu gün dünyada baş verən bir sıra təhlükəli hadisələrin fonunda, bəşəriyyətin narahat gündəm yaşadığı bir zamanda Azərbaycanın  İslamın mənəvi-əxlaqi və elmi-mədəni dəyərlərinin təbliğinə xüsusi diqqət yetirməsi olduqca təqdirəlayiqdir. Bu mənada dinimizin həqiqi mahiyyətinin və mənəvi dəyərlər sistemində tutduğu yerinin təbliği baxımından “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu da  dövlətimizin ideoloji siyasəti ilə üst-üstə düşür”.

Bu sözləri  Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı bu günlərdə Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun nəticələri ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Bildirdi ki, Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır: “Prezident İlham Əliyevin simpozium iştirakçılarına ünvanladığı müraciətdə bildirdiyi kimi, Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. Bu mənada İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyev “Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır” söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkib. Tarixən olduğu kimi, bu gün də ölkəmizdə islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir”.

Müsahibimiz, həmçinin vurğuladı ki, belə bir  tədbirin iyul ayında keçirilməsi heç də təsadüfi olmayıb: “Belə ki, “İslam sivilizasiyası Qafqazda” adlı ilk Beynəlxalq Simpozium 9-11 dekabr 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı əsasında təşkil olunub. Qeyd edim ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın elm, ədəbiyyat və sənət tarixində xüsusi yer tutan, elmi-fəlsəfi və bədii-estetik dünyagörüşünü formalaşdıran İslam mənəvi dəyərlərini yüksək qiymətləndirirdi. Ulu Öndər dəfələrlə Azərbaycan mədəniyyətinin İslam dəyərləri ilə zənginləşdiyini önə çəkərək bununla fəxr etdiyini bildirmiş, müasir dövrün mədəni quruculuğunda İslam yaddaşını yaşatmağın, yeni sənət nümunələri ilə zənginləşdirməyin zəruriliyini vurğulamışdır. Ulu Öndər ölkənin müasir inkişaf yolunda və qloballaşan dünyaya qovuşmasında xalqın öz milli-mənəvi simasını saxlamasını ən önəmli şərt hesab etmiş, bu işdə İslam dəyərlərini ən güclü amil kimi dəyərləndirmişdir. 15 ölkədən 50-yə yaxın xarici qonağın iştirakı ilə keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun Ulu Öndərin hakimiyyətə gəlişinin 50 illiyi ərəfəsində təşkili də elə bu şəxsiyyətə olan məhəbbətdən irəli gəlib”.

Həmsöhbətimiz bildirdi ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğı, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi söylədiklərimin sübutudur. Bir sözlə, son illərdə Bakı Qafqazda İslam mədəniyyətinin mərkəzinə çevrilib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada İslam mədəni irsini qoruyub saxlayan, həmçinin tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınır. Bu məsələdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi vurğulamaq istərdim”.

Qvami Məhəbbətoğlu, “İki sahil”