Qurban Qurbanov: “Partizan” bizim üçün o qədər də uyğun rəqib deyil”

0
45

İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, yaxşı müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə 2019-2020-ci il mövsümünün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında bildirib.

O deyib: ““Partizan” bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidirlər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Biz azarkeşlərimizi sevindirmək istəyirik”.

Albaniyanın “Partizani” komandasının baş məşqçisi Franko Lerda isə belə deyib: “İlk matç geridə qalıb. Bakıya turist kimi gəlməmişik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Sabah qalib gələcəyimizə 100 faiz əmin deyilik. “Qarabağ”ın büdcəsi “Partizani”dən qat-qat üstündür. Rəqibə hörmətlə yanaşırıq. Biz də öz bacarığımızı göstərmək istəyirik. İlk oyun “Qarabağ” haqqında bildiklərimizi təsdiqlədi. Futbolçuları fərdi baxımdan çox yaxşıdırlar. Böyük təcrübəyə malik komandadır”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.