“Çempion”un redaktor müavini Ruslan Sadıqova həmin qəzetin əməkdaşı Qvami Məhəbbətoğlu tərəfindən               İZAHAT

0
366

Çox hörmətli redaktor müavini! Berti Foqtsun rəhbərlik etdiyi futbol üzrə millimizin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyunu barədə tapşırdığınız məqaləni aşağıdakı səbəblərə görə yaza bilmədim.

Bəri başdan deyim ki, millimizin, sən demə, dağ ağırlığında dərdi varmış. Bu dərd də ondan ibarətdir ki, komandamız neçə ildir rəqib qapısına yol tapa bilmir ki, bilmir. Bir sözlə, gah it hürən tərəfə cumur, gah da işıq gələn tərəfə. Vallah, bunun səbəbi ilə bağlı xoruz səsi eşitməyən elə faktlar deyərəm ki… Amma qorxuram ki, o saat neçə yerdən üstümə xoruzlar banlayar.

Hörmətli redaktor müavini, bəli, bizim millimiz Xorvatiya ilə oyunda da uduzdu. Özü də gözbərəldici, yəni 0:6 hesabı ilə. Bu mənada əgər mən yazsam ki, xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində meydana çıxmağa peşman olub, deyəcəksiniz ki, fikrini başqa cür ifadə etsəydin, məgər canın çıxardı? Axı sən nə vaxta qədər millimiz haqqında belə danışacaqsan? Elə danışdığın kimi də bir yazı yazacaqsan? Hörmətli redaktor müavini, axı mən necə yazım ki, bizim millinin oyunu lap məhəllə futbolunu xatırladırdı. Bu səbəbdən hamı bizə gülürdü. Yəqin, belə getsə biz dünya futbol tarixinə gülməli futbol yox a… top-top komandası kimi düşəcəyik. Sizi bilmirəm, mənim buna əsla şübhəm belə yoxdur. Mən belə şeyi yaza bilərəmmi?

Amma yenə sağ olsun millimizin kapitanı Rəşad Sadıqov. Hörmətli redaktor müavini, əgər o, altıncı qolu öz qapımıza vurmasaydı (Kim bilir, bəlkə də Rəşad bəy hirsindən topı öz qapımıza vurub. Belə yazıb onu gözdən salmaq istəmirəm axı?), hesab daha böyük ola bilərdi. Bilirsinizmi bu nə demək idi? Bununla o, xorvatlara belə bir mesaj göndərdi: “Ay xorvatlar, çox atılıb-düşməyin, lazım gəlsə, biz də qol vura bilərik”. Məhz bundan sonra xorvatlar özlərini yığışdırdılar, qapımıza qol vurmadılar, başqa sözlə desək, qapıçımız Kamran Ağayevin qoltuğuna sonrakı qolları vermədilər. Sadəcə, “həvəsdir, daha bəsdir” dedilər. Axı mən necə yazım ki, məhz bu qoldan sonra Kamran Ağayev əllərini açıb göylərdən imdad diləyirdi? Göylərdən isə səda gəlirdi: “Sizdən hərəkət olmasa, məndən bərəkət olmayacaq”. Amma bizimkilərdə haradan idi o hərəkət. Hərəkət demişkən, ay redaktor müavini, axı mən necə yazım ki, oyunun ilk on dəqiqəsindən sonra oyunçularımızda güc belə qalmamışdı. Onların üz-gözlərindən yorğunluq tökülürdü. Çünki onlar səfər çərçivəsində oyunun keçirildiyi Osiyek şəhərində o qədər gəzmişdilər ki… Buna görə Rəşad bəyə təşəkkürlər düşür. Bu həm də xorvatların millimizə olan hörmətindən irəli gəldi. Hörmətli redaktor müavini, axı mən necə yazım ki, belə hesabı, belə qonaqpərvərliyi heç kəs gözləmirdi?

Hörmətli baş redaktor müavini, axı mən necə yazım ki, bizim futbolçuların ayaqları sanki top tutmur. Bu səbəbdən hər yetən onları hər mənada aldadır, “çiləyir”. Bir sözlə, ayaqaltı edir. Bizimkilər isə bundan əsla abır-həya etmirlər. Mən necə yazım ki, hər il onlara filan qədər xərc çəkilir? Berti Foqts isə öz eksperimentləri ilə onları havaya sovurur. Odur ki, ortada hələ bir şey yoxdur. Tutaq ki, mən bunları yazdım, heç siz razı olarsınız ki, redaktor olduğunuz qəzetdə belə şeylər çap olunsun? Bir də, ay redaktor müavini, oyundan sonra heç millimizin müdafiəçisi Bədavi Hüseynov da söz açmayıb axı… Gənc futbolçu qarşılaşma ilə bağlı suala sadəcə: “Burada şərh etməli nə var ki? Sadəcə, söz yoxdu”, – deməklə kifayətlənib. Əgər o, belə deyirsə, mən kiməm ki, həmin oyun barədə nəsə yazım?

Məgər mən necə yaza bilərəm ki, onların hər məğlubiyyəti azarkeşlərimizi, daha doğrusu, millimizin təəssübkeşlərini artıq cana doyurub. Onlar qışqırır, yalvarır, öz fikirlərini hər oyundan sonra dilə gətirirlər. İnsafən, bu sahənin biliciləri də xeyli vaxtdır ki, həyəcan təbili çalırlar. Foqtsdan yaxalarını qurtarmaq istəyirlər. Lakin bu, AFFA rəsmilərinin heç vecinə də deyil. Onlar Foqtsun ətəyindən elə yapışıblar ki… Elə bilirlər ki, o getsə, daha bizimkilər meydan üzünə həsrət qalacaqlar. Hara istəyirsən get, şikayət elə. Kimdən kimə deyəcəksən? Yeri gəlmişkən, durub yazsam ki, Xorvatiyadan gələn sel Foqtsu yerindən oynada bilər, bununla da rəsmilərin bostanına daş atmış olaram. İlin-günün bu çağında onların əleyhinə getməyimiz bizə lazımdır?

Mən necə yazım ki, artıq Azərbaycan futbolunun quruca adı qalıb. Foqts isə hələ də sınaqlar aparmaqdadır. İnandırım sizi, heç məşhur rus alimi Pavlov siçanlar üzərində bu qədər sınaq aparmayıb. Foqts isə sınaqları davam etdirməkdədir. Yazıq deyilmi bu millət? Kənardan baxanlar da deyirlər ki, bu boyda imkanları olan bir ölkənin niyə bir babat komandası yoxdur. İçimiz özümüzü yandırır, çölümüz özgəni.

Hörmətli redaktor müavini! Bax bu səbəblərə görə tapşırdığınız mövzunu yaza bilmədim. Xahiş edirəm ki, qanun daxilində məni cəzalandarasınız.

İmza:                                  Q. Rəsulov

P.S. Etiraf səmimi olsa da, sübutlar inandırıcı deyil. Ona görə də cəza tədbiri kimi İzahat qəzet səhifəsinə çıxarılsın.

Redaktor müavini:               Ruslan Sadıqov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here