İordaniyalı tarixçi-yazıçı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

0
33

İordaniyalı məşhur ictimai xadim, tarixçi-yazıçı Ömər əl-Armuti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi olan Ömər əl-Armuti ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qeyd edək ki, tarixçi-yazar Ömər əl-Armutinin müəllifi olduğu kitablar Azərbaycan həqiqətlərinin ərəb dünyasında tanıdılmasında böyük rol oynayır. azərtac