BTC: Azərbaycanı dünyaya qovuşduran layihə

0
49

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 13 il ötür

Bəri başdan qeyd edək ki, Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyası ulu öndər Heydər Əliyevə məxsusdur. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin müqavimətinə baxmayaraq, ümummilli liderin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq layihə həyata vəsiqə aldı və kəmərin inşasına başlanıldı. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2005-ci il mayın 25-də  BTC-nin Azərbaycan hissəsinə xam neft vuruldu.

13 iyul 2006-cı ildə isə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri – İlham Əliyev, Əhməd Necdət Sezər və Mixeil Saakaşvilinin, eləcə də dünyanın neft şirkətlərinin rəhbərlərinin iştirakı ilə XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə çıxış edənlər BTC-ni XXI əsrin “Böyük İpək Yolu”, regionun simasını dəyişəcək layihə kimi dəyərləndirdilər. 
Mütəxəssislərin fikrincə, neftimizin dünya bazarlarına çıxması qaz nəqli, nəqliyyat və kommunikasiya üzrə digər mühüm layihələrin həyata keçirilməsinə şərait yaratmaqla Azərbaycanın gələcəyi üçün yeni üfüqlər açıb. Belə ki,  iqtisadi siyasətimizin ən böyük uğurlarından sayılan və Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu enerji dəhlizi ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib.

Yeri gəlmişkən, qeyd edək ki, BTC daha bir qlobal ixrac kəmərinin – Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsinə yol açıb. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsinə təsadüf edən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirərək bildirmişdir ki, BTC neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Şühbəsiz, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, qaz dəhlizinin açılması da böyük problemlərlə izləşə bilərdi.

Bu kəmər bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihə olub. Artıq bir sıra dövlətlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi qəbul edirlər. Digər tərəfdən, Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib.

BTC, həm də böyük siyasi əhəmiyyət  kəsb edir. Belə ki, bu kəmər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamaqla yanaşı, dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına vəsilə olub, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişafına əlavə zəmin yaradıb. Elə bu kimi səbəblərdən ölkəmizin dünya birliyində siyasi, iqtisadi məsələlərə, qlobal hadisələrə təsir imkanları artıb. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyasının, o cümlədən BTC-nin təntənəsidir.  

Qeyd edək ki, 1768 km uzunluğunda olan və  dünyanın ən uzun boru kəmərlərindən sayılan BTC boru kəməri istismara veriləndən 2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 425 milyon ton (3,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4195 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”