“Neftçi” qalib gəldi, “Səbail” isə…

0
51

Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayıb. Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olub. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi turnirə əla start verib. “Ağ-qaralar” səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın “Arsenal” (Tula) klubu ilə qaşılaşacaq.

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” isə avrokuboklarda debüt matçına evdə çıxıb. Bakı klubu Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb. 

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib – 1:1. Lakin ikinci hissə “Səbail” üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib – 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib – 3:2.

Bununla da, “Səbail” işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.