“Şəkililərin bu abidəyə xüsusi qayğısı var”

0
77

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bir ziyalı kimi məni də hədsiz dərəcədə sevindirib. Doğma Şəkimizin həmin siyahıya düşməsini uzun müddətdir ki, gözləyirdik. Sevincimizin həddi-hüdudu yoxdur. Xan Sarayı Şəkimizin, Azərbaycan mədəniyyətinin mirvarisidir. Biz şəkililər belə bir tarixi abidənin həmin siyahıya düşməsindən böyük qürur hissi keçiririk.

Bu fikirləri azərtacC-ın bölgə müxbirinə müsahibəsində Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin tarix müəllimi, Əməkdar müəllim Bəşarət Yusifov bildirib.

Şəkililərin tarixi-mədəni irsimizə həmişə sadiq qaldıqlarını vurğulayan ziyalı deyib: “Belə olmasaydı, bu möhtəşəm abidə günümüzədək sağ-salamat yerində dura bilməzdi. Şəki seysmik zonadır, hər gün burada titrəyişlər olur. Şükürlər olsun ki, bu abidədən indiyədək bir dənə də olsun daş, kərpic düşməyib. Şəkililərin bu abidəyə xüsusi qayğısı var. Biz Xan Sarayımızla fəxr edirik”.

Bu tarixi hadisədən sonra Şəkiyə turist axınının daha da sürətlənəcəyini bildirən Əməkdar müəllim deyib: “Bu, öz növbəsində, dünyanın müxtəlif qütblərində Azərbaycanın daha da tanınmasına səbəb olacaq. Şəkiyə gələn-gedən çoxalarsa, bu, rayonun, ölkənin büdcəsinə əlavə gəlir gətirəcək”.

Şəki ziyalısı ölkəmizdə mədəni irsin qorunub saxlanmasına göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya şəkililər adından minnətdarlığını bildirib.