Niyə məhz Bakı?

0
66

Bakı daha bir beynəlxalq görüş üçün məkan seçilib. Belə ki,  NATO ilə Rusiya arasında növbəti danışıqlar məhz bizim paytaxtımızda keçiriləcək. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov paytaxtımızda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters ilə danışıqlar aparacaq. Bəs  belə bir görüşün məhz Bakıda keçirilməsi nə ilə əlaqədardır? Şühbəsiz, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan seçilməsinin müəyyən səbəbləri var.

Bu, hər şeydən əvvəl, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində söz sahibi olan Azərbaycanın imici ilə bağlıdır. Belə ki, indiyədək Bakıda yüzlərlə beynəlxalq səviyyəli tədbirlər təşkil olunub və onların hər biri barədə xoş sözlər söylənilib. Məsələn, elə bu günlərdə paytaxtımızda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini uğurla başa çatdırdı.  Digər tərəfdən, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri bu seçimdə  çox önəmli rol oynayır. Bu gün artıq bir həqiqətdir ki, respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi tanınır.

Bu bir həqiqətdir ki, münaqişələrin, böhranların səngimədiyi müasir dünyada öz yolu ilə inamla addımlamaq, inkişaf etmək və uğur qazanmaq hər ölkəyə nəsib olmur. Bu mənada respublikamız hər baxımdan dünyanın ən təhlükəsiz diyarlarından biridir. Yəni Azərbaycan  sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Bu mənada qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından müstəqil dövlət kimi balanslandırılmış xarici siyasət yürüdən Azərbaycanın seçilməsini dövlətimizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi kimi də dəyərləndirmək olar. Bu mənada Azərbaycan  təkcə yerləşdiyi  regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Şübhəsiz, Azərbaycanda ictimai-siyasi sabitlik bundan sonra da dönmədən qorunacaq və möhkəmlənəcək.

Belə mötəbər görüşlərin ölkəmizdə keçirilməsinin digər səbəblərindən biri isə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional, qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Bu artıq beynəlxalq səviyyədə etiraf olunan həqiqətdir ki, respublikamızda həyata keçirilən taleyüklü tədbirlərdə, ölkəmizin qüdrətlənməsində, Azərbaycanın qısa müddət ərzində Cənubi Qafqazın lider dövlətinə çevrilməsində, dünya dövlətləri sırasında özünə layiqli yer tutmasında cənab İlham Əliyevin xidmətləri ölçüyəgəlməzdir.

Bütün bunları nəzərə alan həm NATO, həm də Rusiya rəsmiləri Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq Azərbaycanı seçirlər. Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb. Növbəti görüş isə  Rusiya və NATO rəsmiləri arasında Bakıda baş tutan dördüncü görüş olacaq.

Qeyd edək ki, Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və  Rusiya ilə çox yaxşı münasibətləri olan, onlarla müxtəlif sahələr üzrə əməkdaşlıq edən bir ölkədir. Dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə ABŞ arasındakı strateji münasibətlər isə təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Bu gün də ölkəmiz qlobal müstəvidə ABŞ və Rusiya ilə münasibətlərinə xüsusi əhəmiyyət verərək, strateji müttəfiqlik əlaqələrini daha da inkişaf etdirir. ABŞ və Rusiya isə öz növbələrində Azərbaycanın Cənubi Qafqazın iqtisadi cəhətdən güclənməsində mühüm faktor olduğunu qəbul edir və onun bu istiqamətdəki uğurlu siyasətini dəstəkləyirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”