Mingəçevirdə aprel şəhidi Rahim Tağıyev anılıb

0
105

2016-cı ilin aprel döyüşləri öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşdü. O qanlı və şanlı döyüşlərdən düz 3 il ötür.

Aprel döyüşlərində Mingəçevir şəhəri 4 şəhid verdi.  Onlardan biri də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan həmyerlimiz Rahim Qara oğlu Tağıyevdir. Rahimin şəhidliyini 3-cü  ildönümündə onun xatirəsi anılıb. Belə ki, şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhidin hərbiçi dostları, doğmaları onun Şəhidlər xiyabanındakı məzarını  ziyarət edib, ruhuna dualar oxuyublar. Mərasimdə çıxış edənlər onun vətənpərvər olduğunu xüsusi vurğulayıblar. Şəhidin hərbiçi dostları isə Rahimlə bağlı xatirələrindən söz açıblar.

Mərasimdə şəhidin övladları – Ülkər, Nihat və balaca Nicat ataları ilə fəxr etdiklərini və yaxşı oxuyub onun  arzusunu yerinə yetirəcəklərini bildiriblər.

Gizir Samiq Əzimov bizimlə söhbətində bildirdi ki, Rahim mərd, vətənpərvər bir oğul idi: ”İkimiz də bir gündə yaralandıq, məni Gəncədəki hərbi qospitala, Rahimi isə Bakı şəhərinə apardılar. Sonradan onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Onun da 3 körpə övladı var idi. O, bizə övladlarından da söz açar, onlarla, əgər belə demək mümkünsə, nəfəs aldığını deyərdi. Biz bu gün onun övladlarına arxa, dayaq olmağa çalışırıq”.  

Müsahibimiz daha sonra dedi: “Biz Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimiz tərəfindən ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə və şəhidlərimizin qanının yerdə qalmayacağına əminik”.

Qeyd edək ki, Rahim Tağıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralanıb. Üç dəfə cərrahiyyə əməliyyat olunan Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalıb. O, iyulun 10-u  gözlərini əbədi yumub. Allah rəhmət eləsin.

Esmira Hidayətova ,Mingəçevir