Dövlət büdcəsinin Neft Fondundan asılılığı yenidən artırılır

0
422
Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat (24 milyard 920 milyon dollar), dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 milyard 100 milyon manat (27 milyard 51 milyon dollar) proqnozlaşdırılır. Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunur ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2% artıqdır. Layihədə dövlət büdcəsinin kəsiri 1 milyard 662 milyon manat nəzərdə tutulur.
Qeyri-neft sektorundan vergi daxilolmaları artacaq

Gələn il büdcənin doldurulması üçün Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2014-cü  ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1% çoxdur. Qeyd edək ki, Vergilər Nazirliyinin planının cüzi artırılmasının səbəbi, neft sektorundan yığılacaq vergilərin azalacağının gözlənilməsi ilə bağlıdır. Belə ki, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 milyon manatı və ya 67,7%-i qeyri-neft sektorunun, 2 milyyar 300 milyon manatının və ya 32,3%-inin isə neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır. 2014-cü ildə bu proqnoz müvafiq olaraq 4,3 milyard manat və 2,8 milyard manat idi. Göründüyü kimi, qeyri-neft sektorundan daxilolmanın 512 milyon manat artacağı, neft sektorundan isə 502 milyon manat azalacağı gözlənilir.

2015-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 590 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə isə 80 milyon manat və ya 5,3% çoxdur. Yəni, Vergilər və Gömrüyün planı birlikdə 90 milyon manat artırılır. 2015-ci il üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin plan öhdəliyi isə 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılır.

Bunlardan başqa, 2015-ci ildə büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən dövlət büdcəsinə 300 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Bu da 2014-cü ilin proqnozundan 100 milyon manat azdır. Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin planının artırılması hesabına gəlirlər 92 milyon manat artmış görünsə də, büdcənin gəlirlərinin formalaşmasında büdcə təşkilatlarının sifarişləri əsasında ödənişli xidmətlərdən daxilolmaların 100 milyon manat azalması ilə büdcənin Neft Fondsuz cəmi gəlirləri 8 milyon manat azalacaqdır. Bəs gəlirlər azaldığı halda gələn ilin büdcəsi necə artır? Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu da cari ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3% çoxdur.

Son 12 ildə ARDNF-dən dövlət büdcəsinə edilən transfertlərə nəzər saldığımızda belə görünür ki, bu illər ərzində transfertlərin həcmi davamlı olaraq artıb. Yalnız 2007-ci ildə transfertin həcmi 2006-cı il səviyyəsində qalıb. Transfertin büdcə gəlirlərindəki payı isə əvvəlki illərlə müqayisədə yalnız 2005, 2007 və 2012-ci illərdə azalıb. Bu ilk dəfə olaraq həm transfertin həcminin, həm də büdcə gəlirlərindəki payının aşağı düşəcəyi gözlənilir. Lakin, gələn ildən ARDNF-dən dövlət büdcəsinə edilən transfertlərin həcmi yenidən artırılır.

 

ARDNF-dən edilən transfertlər

yenidən artır

– 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,225 milyard manat olub. Bu məbləğin də 8,2%-ni (100 milyon manat) ARDNF-dən edilən transfertlər təşkil edib.

– 2004-ci ildə dövlət büdcəsinin gəlirləri 1,481 milyard manat səviyyəsinə çatıb. ARDNF-dən dövlət büdcəsinə olan transfertlərin həcmi isə 8,8%-ə (130 milyon manat) yüksəlib.

– 2005-ci ildə dövlət büdcəsinin gəlirləri 2,055 milyard manata bərabər olub. Həmin il, yəni 2005-ci ildə ARDNF-dən dövlət büdcəsinə edilən transfertin həcmi büdcənin cəmi 7,2%-ni (150 milyon manat) təşkil edib.

– 2006-cı ildə isə dövlət büdcəsinin gəlirləri 3,881 milyard manat olub. Bu məbləğin də 15,1%-ni (585 milyon manat) ARDNF-dən edilən transfertlər təşkil edib.

– 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 6,006 milyard manat səviyyəsinə çatıb. ARDNF-dən dövlət büdcəsinə olan transfertlərin həcmi isə 2007-ci ildə məbləğ olaraq dəyişməsə də (585 milyon manat), faiz olaraq azalıbdır (9,7%).

– 2008-ci ildə 2007-ci illə müqayisədə dövlət büdcəsinin həcmi 44,2% artaraq 10,762 milyard manata yüksəlib.  ARDNF-dən büdcəyə edilən transfertlər isə büdcənin 29,2%-nə (2,190 milyard  manat) bərabər olub. 2007-ci illə müqayisədə ödənişlərin həcmi 3,7 dəfə artıb.

– 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 12,117 milyard manat təşkil edib.  ARDNF-dən dövlət büdcəsinə olan transfertlərin həcmi  40,3% (4,915 milyard manat) təşkil edib.

– 2010-cu ildə dövlət büdcəsinin gəlirləri 11,505 milyard manat olub. Bu məbləğin də 51,4%-ni (5,915 milyard manat) ARDNF-dən edilən transfertlər təşkil edib.

– 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 15,554 milyard manat səviyyəsinə çatıb. ARDNF-dən dövlət büdcəsinə olan transfertlərin həcmi isə büdcə gəlirlərinin 59,1%-ə (9,18 milyard manat) yüksəlib.

– 2012-ci il dövlət büdcəsinin gəlirləri 17,1 milyard manata bərabər olub. Həmin il, yəni 2012-ci ildə ARDNF-dən dövlət büdcəsinə edilən transfertin həcmi  büdcənin 58,1%-ə (9,9 milyard manat) bərabər olub.

– Ötən il isə dövlət büdcəsinin gəlirləri 19,16  milyard manat olub. Bu məbləğin də 59,2%-ni (11,35 milyard manat) ARDNF-dən edilən transfertlər təşkil edib.

– Cari ilin proqnozlarına görə, dövlət büdcəsinin gəlirləri 18,38  milyard manat təşkil edəcək. Bu məbləğin də 50,8%-i (9,3 milyard manat) ARDNF-dən edilən transfertlərin payına düşəcək.

– Əgər nəzərdə tutulan dəyişikliklər qəbul edilərsə gələn ilin dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat olacaq. Bu məbləğin də 53,4%-ni (10,388 milyard manat) ARDNF-dən edilən transfertlər təşkil edəcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here