Oktyabrın 1-dən əhalinin siyahıya alınmasına start veriləcək

0
86

“Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı işçi qrupu yaradılıb. Yeni yaşayış massivlərində yaşayanların siyahıya alınması prosesinə ərazi üzrə bələdiyyələr, Mənzil İstismar Sahələri (MİS) də cəlb olunacaq”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Statistika Komitəsinin Əhali Statistikası şöbəsinin müdiri Rza Allahverdiyev söyləyib.

O, bildirib ki, əhalinin siyahıya alınması prosesindən heç bir vətəndaşın kənarda qalmaması üçün onlar özləri də siyahıya düşməkdən yayınmamalıdırlar: “Rayon icra hakimiyyətlərində, MİS-lərdə ərazidə yaşayanların qeydiyyatı aparılır. Əgər kimsə yaşadığı ərazidə qeydiyyata düşməyibsə, onlar ərazi üzrə MİS-lərə, icra nümayəndəliklərinə, müraciət etməlidirlər ki, siyahıya alınmadan kənarda qalmasınlar”.

R.Allahverdiyev deyib ki, əhalinin siyahıya alınmasına hər hansı beynəlxalq təşkilat tərəfindən maliyyə dəstəyi göstərilmir: “Bu işin yüksək səviyyədə həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Hər dəfə olduğu kimi bu dəfə də əhalinin siyahıyalınması dövlət vəsaiti hesabına həyata keçiriləcək”.

Şöbə müdiri əlavə edib ki, əhalinin siyahıya alınması Azərbaycanda 10 ildən bir aparılır. 2019-cu ilin sentyabrından əhalinin siyahıya alınması üzrə hazırlıq işlərinə başlanacaq, oktyabrın 1-dən isə əhalinin siyahıya alınmasına start veriləcək”.