Mütəxəssislər cənub bölgəsində çayçılığın vəziyyəti ilə tanış olublar

0
19

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri Masallı, Astara və Lənkəran rayonlarında olublar. Nazirliyin mütəxəssisləri 3 gün ərzində cənub bölgəsində çayçılıqla məşğul olan fermerlər və mütəxəssislərlə görüşüb, elmi-tədqiqat müəssisələrində, fermer təsərrüfatlarında görülən işlərlə əyani tanış olublar.

Masallı və Astara rayonundan sonra mərkəzin aparıcı mütəxəssisi İlkin Hüseynov Lənkərandakı “Yaşıl çay“ fermer təsərrüfatında plantasiyaların vəziyyəti ilə tanış olub, görülən işlər barədə təsərrüfatın rəhbəri Araz Yağubovla fikir mübadiləsi aparıb.

A.Yağubov rəhbərlik etdiyi təsərrüfatda görülən işlər barədə məlumat verərək bildirib ki, indiyədək 70 hektar sahədə çay bitkisi əkilib. O, həmçinin çayçılığın inkişafı ilə bağlı təkliflərini söyləyib.

Görüşdən razılıqla ayrılan İ.Hüseynov təsərrüfat rəhbərinin irəli sürdüyü təklifləri Elmi-Tədqiqat Mərkəzinə çatdıracağını bildirib.

Nazirliyin mütəxəssisləri, həmçinin Azərbaycan Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran filialında olublar. Burada AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru Fərman Quliyevlə görüşən Elmi-Tədqiqat Mərkəzinin bölmə rəhbəri Famil Əhmədov və aparıcı mütəxəssis İ.Hüseynov professorun təcrübə sahəsinə baş çəkiblər. Professor F.Quliyev qonaqlara çayçılığın iqtisadi səmərəliliyi, bu sahənin inkişafı üçün yeni çay sortları yetişdirilməsinin vacibliyi, Dövlət Proqramının icrası ilə bağlı bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

F.Quliyev diqqətə çatdırıb ki, indiki şəraitdə Dövlət Proqramında göstərildiyi kimi, çayçılığın intensiv yolla inkişafı, müasir elmi biliklərdən yararlanmaqla bu sahənin dirçəldilməsi ön plana çəkilməli, fermerlər arasında ciddi təbliğat işləri aparılmalıdır.

O, Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi ilə bağlanmış əməkdaşlıq müqaviləsi əsasında yaratdıqları birgə elmi təcrübə sahəsində onun elmi rəhbərliyi altında cari ildə rayonlaşdırılan yerli və böyük perspektivli 4 çay sortu barədə mütəxəssislərə ətraflı məlumat verib, onları bu sortlarla yerində əyani tanış edib.

Görülən işlərdən razı qaldıqlarını bildirən nazirliyin mütəxəssisləri Masallı, Lənkəran və Astara rayonlarının çayçılıq təsərrüfatlarında olduqlarını, fermer, elmi mütəxəssislərlə görüşdüklərini, çayçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası ilə bağlı zəngin məlumat əldə etdiklərini və bu məlumatların gələcəkdə çayçılığın daha sürətli inkişafında faydalı olacağına əminliklərini ifadə ediblər.