Əyyub Əyyubov: Nəzarət müdaxilə deyil, idarəçilik formasıdır

0
104

Turizm iqtisadiyyatımızın güclənməsi, bölgələrimizin inkişafı və ölkəmizin dünyada tanıdılması baxımından çox əhəmiyyətli bir sahədir.  Bu səbəbdən turizmin inkişafı üçün yeni yollar axtarılır, həmçinin mövcud potensialdan istifadə ön plana çəkilir. Son günlər bu sahə ilə bağlı irəli sürülən təkliflərlə, eləcə də digər məsələlərlə əlaqədar Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubova bir neçə sualla müraciət etdik.

– Əyyub müəllim, son illər turizm sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu mənada ölkəmizdə turizmin inkişafını necə dəyərləndirərdiniz?

– Son illər dünyada turizm ənənələri  dəyişdi, yeni xidmət  kriteriyaları ortaya çıxdı. Bu mənada turizm sahəsinə yeni strateji yanaşma nümayiş etdirilmədən ölkə turizmini qabaqcıl mövqelərə çıxarmaq mümkün görünmürdü. Odur ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar sayəsində respublikamızda yeni turizm infrastrukturları yaradıldı. Yollar, tarixi abidələr bərpa olundu, yeni hava, dəniz  limanları, dəmir yolu vağzalları, otellər, yay-qış  istirahət kompleksləri, idman və mədəniyyət obyektləri tikildi, turizmin inkişafını nəzərdə tutan Strateji Yol xəritəsi qəbul olundu. Bunlarla paralel olaraq ölkəmizdə biri-birinin ardınca beynəlxalq səviyyəli mötəbər festival, sərgi, konfrans, simpozium, idman və  musiqi  yarışmaları keçirildi ki, nəticədə dünya ictimaiyyəti Azərbaycanı, belə demək mümkünsə, yenidən kəşf etdi. Bütün bunlar, eləcə də dayanıqlı siyasi sabitlik və inkişaf Azərbaycanın ən cəlbedici turizm məmləkətlərindən birinə çevrilməsinə yol açdı. Bir məqamı da xüsusi vurğulamaq istərdim. Bu istiqamətdə aparılan islahatlar, qəbul olunan qərarlar və icra edilən genişmiqyaslı layihələr regional turizmin, eləcə də regionların iqtisadi  inkişafına  yeni təkan verdi.

Yeri gəlmişkən, qeyd edim ki, qeyri-neft sahəsinin aparıcı qollarından olan turizmin inkişafı nəticəsində ölkəmizi ziyarət edən əcnəbi turistlərin sayı da ilbəil, aybay artır, həm də onların təmsilçilik coğrafiyası genişlənir. Məsələn, Dövlət Statistika Komitəsinin ölkə turizminə aid Dövlət Sərhəd Xidmətinə istinadən yaydığı məlumata görə, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1 milyon 94,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Təbii ki, turizm potensialına malik hər bir ölkə çalışır ki, daha çox turisti cəlb etsin, onlar üçün şərait yaratsın. Bu mənada ölkəmiz əldə olunan bu kimi nailiyyətlərlə kifayətlənmir. Ona görə də turizm sektorunun sistemli şəkildə inkişafı ilə bağlı tədbrilərin görülməsi davam etdirilir.

– Bəs Mingəçevirdə turizmin inkişaf dinamikası ilə bağlı nə deyə bilərsiniz?

– Mingəçevir əzəldən turizm potensialı olan bölgələrdən və şəhərlərdən biri  olub. Mingəçevir su anbarının timsalında zəngin su hövzəsi  burada çimərlik turizmi üçün ən arzuolunan inkişaf  perspektivləri yaradıb. Üstəlik, Kür çayının əsrarəngiz mənzərəsi… Şübhəsiz, dövlət başçısının  təşəbbüsü ilə Kür Olimpiya Tədris İdman Mərkəzinin inşası Mingəçevirin turizm imkanlarını daha da genişləndirib. Bildiyiniz kimi, bu şəhər avarçəkmə idman növünün  təlim məşq toplantıları üçün ideal məkan hesab olunur. Rusiya, Almaniya, Gürcüstan və digər ölkələrin milliləri və ayrı-ayrı avarçəkmə komandaları təlim məşq toplanışları üçün ilboyu məhz Mingəçeviri və onun Kür bazasını seçirlər. Xatırlayırsınızsa, I Avropa Oyunları zamanı avarçəkmə yarışları da məhz Mingəçevirdə keçirilib.

Zənnimcə, bu istiqamətdə işləri əslində daha da genişləndirmək olar. Belə ki, şəhər çimərlikləri ərazisində müasir istirahət-əyləncə kompleksləri yaratmaq və digər təşəbbüslərlə çıxış etmək olar. Məsələn, Mingəçevir və ətrafı ərazilər  ovçuluq, xüsusilə də quş ovu turizmi üçün əlverişli imkanlara malikdir. Vaxtilə bir çox ölkələrdən bu məqsədlə şəhərə üz tutan çox sayda əcnəbi turistlər olub. Xidməti modernləşdirmək və düzgün təbliğat aparmaqla bu turizm sahəsini yenidən canlandırmaq doğru olardı. Bir də ki, Mingəçevirin Qəbələ, Şəki-Zaqatala, Gəncə-Göygöl, Goranboy-Naftalan turizm bölgələrinə yaxın olması  yeni turizm marşrutlarının yaradılması üçün əsas ola bilər. Bu, həm daxili, həm də xarici turizm üçün sərfəli  ideyadır.

– Əyyub müəllim, turizm obyektlərində turistlərə layiqli xidmət  göstərmək üçün ixtisaslı kadların olması da vacibdir.

– Xidmət məsələsinə gəldikdə birmənalı şəkildə deyə bilərəm ki, rəhbərlik etdiyim Mingəçevir Turizm Kolleci  illərdir ki, bu sahə üzrə söz sahibidir. Yəni, yetişdirdiyimiz ixtisaslı mütəxəssislər istənilən vəzifəni çiyinlərində daşımaqla bölgədə turizmin inkişafına töfhə verə bilirlər. Artıq onlar öz işləri ilə etimadı doğruldurlar.

– Bu günlərdə Turizm Agentlikləri Assosiasiyasının təqdimatı keçirildi. Bu, turizmin inkişafına hansı töhfələr verə bilər? Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına yenidən zərurət yaranıb. Bu, günün tələbidir, yoxsa inkişaf bunu tələb edir?

– O ideyalar ki, aidiyyəti qurumları vahid məqsəd naminə bir araya gətirə bilir,  birmənalı şəkildə onlardan  ikiəlli yapışmalıyıq. Bu mənada hesab edirəm ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təqdimatı irəliyə doğru atılmış uğurlu addımlardan biridir. Əslində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin istək və məqsədinin arxasında da fikrimcə yeni hədəflər dayanır. Yəni, söhbət  turizm şirkətlərinin fəaliyyətinə  ümümi  nəzarət mexanizmindən gedir. Onu da deyim ki, nəzarət müdaxilə deyil, idarəçilik formasıdır. Hər bir şirkət, yaxud qurum özünəməxsus özəlliklərə sahib olduğunu göstərmək, rəqabətyönlü xidmətini təkmilləşdirmək və digər fərqli fəaliyyət formaları tətbiq etmək səlahiyyətinə malikdir. Amma söhbət ümumən ölkə turizminin imicindən, qarşıya qoyulan prioritet vəzifələrin icrasından  və  vacib qaydalara riayət məsələsindən gedirsə, təbii ki, burada  vahid nəzarət mexanizmi  vacib şərt kimi qəbul edilməlidir. Bu cür yanaşma və xidmət tərzi yalnız inkişafa aparar.

– Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə belə bir açıqlama verib ki, Azərbaycanda turistlərin problemlərinin dinlənilməsinə və həllinə kömək məqsədilə Turizm Polisi də yaradılacaq.

– Turizmin inkişaf etdiyi ölkələrdə diqqət çəkən strukturlardan biri də Turizm Polisi ilə bağlıdır. Polis hər zaman polisdir. Amma unutmayaq ki, bu sahədə çalışacaq mütəxəssislərin təhsili və peşəkar hazırlığı önəmli məsələlərdən biridir. Bununla belə, öyrəncəli olduğumuz və gecə-gündüz asayişin keşiyində dayanan  polis əməkdaşlarından fərqli olaraq,  turizm polislərinin bacarıq və məsuliyyəti bir qədər də fərqli olmalıdır. Bu polislər, həm də xarici dil vərdişlərinə yiyələnməlidirlər. Eyni zamanda, onlarda dünya xalqlarının fərqli mədəniyyətləri haqqında məlumat olmalıdır ki, xidmət prosesində ən müasir bəşəri üstünlükləri nümayiş etdirə bilsinlər. Bu mənada iyirmi dörd saat boyunca turistlərin ehtiyaclarını təmin etmək, yaranacaq problemlərinin həllinə çevik müdaxilə etmək turizm polislərindən xüsusi hazırlıq tələb edir. Yeri gəlmişkən, dünya təcrübəsindən bunun bir çox müsbət örnəklərinə şahidik. Hesab edirəm ki, istər polis məktəbləri, istərsə də Polis Akademiyasında turizm polisi ixtisaslarının yaradılması, xüsusi dərsliklərin təşkili artıq günün tələbidir. Şübhəsiz, turizm polisinin formalaşdırılması  daxili turizmin dayanıqlı inkişafına da təkan və önəmli töfhə verə bilər. Yeri gəlmişkən qeyd edim ki, biz təhsil müəssisəsi olaraq çoxsaylı beynəlxalq təhsil proqramlarında iştirakımız sayəsində əldə etdiyimiz təcrübəyə istinadən hələ illər öncə belə bir təklif səsləndirmişdik.

– Azərbaycanda dövlət reyestrinə daxil olacaq turizm  şirkətlərinin sığortalanması məsələsi də gündəmdədir. Sizcə, bu təklif qəbul olunacağı təqdirdə turizm şirkətlərinin buna marağı nə dərəcədə olacaq?

-Qarşılarına hədəflər qoyan turizm şirkətləri, təbii ki, bu imkanlardan həvəslə istifadə etməyə çalışacaqlar. Çünki qəbul olunmuş beynəlxalq normativlərdə də sığorta zəruri hal hesab edilir. Şübhəsiz, sığortalı şirkət sığortalanmayandan daha etibarlı və yüksək kateqoriyalı hesab olunacaq. Təminatı hüquqi sığortaya söykənən şirkətə turist marağı artacaq və bu da həmin turizm şirkətinin nüfuzunun artması ilə nəticələnəcək. Elə düşünürəm ki, hətta bu işə istəklə yanaşmayan şirkətlər də sonradan haqsız olduqlarının fərqinə varacaq və sığorta təminatlı şirkətlər sırasında yer almağa meyillənəcəklər. Əks halda, onlar rəqabətə davamlı şirkətlər sırasında möhkəmlənə bilməyəcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”