Mingəçevirdə “Mənim ailəm” adlı sərgi təşkil edilib

0
89

Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində “Mənim ailəm” adlı sərgi təşkil edilib. Sərgidə Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin ərazisində yaşayan uşaqların rəsmləri nümayiş olunub. Tədbirin təşkilatçılarının verdiklərə məlumata görə, belə bir sərginin təşkilində əsas məqsəd uşaqların və yeniyetmələrin diqqətini ailə məsələlərinə cəlb etmək, bu kiçik cəmiyyətdə öz yerlərini və vəzifələrini düzgün müəyyənləşdirməkdə onlara yardımçı olmaqdır. Bildirilib ki, ölkəmizdə uşaqların inkişafı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra layihələr həyata keçirilməkdədir.

Sərgidə nümayiş olunan rəsmlərin müəllifləri bizimlə söhbətlərində ailəni cəmiyyətin sütunlarından biri kimi dəyərləndirməklə yanaşı, sağlam ailəni sağlam cəmiyyət kimi xarakterizə ediblər. Uşaqlar ailələrini rəsmlərində təsvir etdikləri kimi görmək istədiklərini bildiriblər. Onlar, həmçinin uşaq və yeniyetmələrin təhsil və tərbiyəsi, ailədə öz yerlərini müəyyənləşdirmələri üçün belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıblar.

Esmira Hidayətova, Mingəçevir