Bazarlarda qiymətlər yayın hərarətini bir qədər də artırır

0
120

Mingəçevir bazarında meyvə və tərəvəzlərin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bu gün bazarda aparığımız sorğu onu göstərdi ki, bazarda bolluq olsa da, alan da narazıdı, satan da. Onu da qeyd edək ki, bazarda  satıcı  alıcıdan çox idi.

Bazarda göyün bir dəstəsi 30-40 qəpiyə, pomidor 1 manata, ərik 3 manat 50 qəpiyə, gilas 3-4 manata satılırdı. Meyvə-tərəvəz satışı ilə məşğul olan satıcı Şahin Rüstəmov dedi  ki, yay ayı olmasına baxmayaraq, qiymətlər bahadır: ”Biz də satdığımız məhsulu  “optovoy”dan  alırıq. Vallah, yalan niyə deyim ki, biz də üstünə 15 -20 qəpik qoyub satırıq. Günümüz bu piştaxtanın arxasında keçir. Alıcı gəlib qiymətlərlə maraqlanıb gedir. Hər gün piştaxtaya 3 manat pul ödəyirik, çox vaxt ödədiyimiz məbləği çıxara bilmirik”.

Bir neçə alıcı ilə də həmsöhbət olduq. Şəhər sakini Ceyran Əliyeva  bildirdi ki, bazarda hər məhsulun qiyməti bahadır: ”Nədənsə yay aylkarında  bahalaşma daha çox müşahidə olunur. Onu da deyim ki, hə dəfə bazara gələndə müxtəlif qiymətlərlə rastlaşırıq. 1 manata pomidor olar? Və yaxud da digər tərəvəzlər və meyvələr. Belə getsə, qış tədürükü üçün heç mürəbbə, kompot hazırlaya bilməyəcəyik. Vallah, adam heç bu satılan meyvələrdən ürəkli alıb yeyə də bilmir e… Səbəb qiymətlərin çox baha olmasıdır”.

Göyərti satan 52 yaşlı Əsli  Məmmədova  bizimlə söhbətində satdığı tərəvəzləri kəndlərdən alıb gətirdiyni bildirdi: ”Kəndli də bizə məhsulu baha verir, çünki o da deyir ki,  suyu sayğacla alırıq. Onu da deyim ki, mənim indi pensiya alıb evdə oturası vaxtımdır. Amma pensiyanın yaş həddini də qaldırdılar. Məcburuq ki, çörək pulumuzu çıxaraq. Amam müştəri demək olar ki, yoxdur. Odur ki, aldığımız göyün də çoxu axşama kimi xarab olur. Bu da da bizim ziyanımızadır”.

Qiymətlərlə bağlı  iqtisadçı Günəş Şəfaqətov məlumat verərək bildirdi ki, əvvəlki illərə müqayisədə qiymətlər çox fərqlidir, daha yüksəkdir:” Bunun da bir çox səbəbləri var. Çünki kənd təsərrüfatı məhsulları əsasən iqlim şəraitindən asılıdır. Ola bilsin ki, bu il iqlim şəraiti imkan verməyib ki, bol məhsul olsun,  digər səbəb isə ölkədə minumum əmək haqqı ,sosial yardımların, pensiyaların artmasıdır. Çünki əhali gəlirləri artanda qiymətlər də ona uyğun artır. İkinci bir səbəb isə kənd təsərrüfatı məhsulları birbaşa bazara daxil olmur. Əldən-ələ keçdiyi üçün qiymətlər artır. Burada sırf satıcıları günahlandırmaq düzgün deyil, əsasən vasitəçilər qiyməti qaldırır. Bizim aldığımız məlumata görə, kənd təsərrüfatından alınıb gətirilən məhsullar bazarda alverçilərə baha qiymətə verirlər. Bu işi  nizamlamaq mümkün olsa, qiymətləri müəyyən dərəcədə aşağı salmaq olar. Bu da əhalinin rifah halının yaxşılaşmasına səbəb olar”.

Esmira Hidayətova, Mingəçevir