Mingəçevirdə “Qanlı toy”a baxış olacaq

0
153

Tanınmış Azərbaycanlı rejissor Mingəçevir teatrında yeni tamaşa hazırlayır.  Mingəçevir  Dövlət Dram Teatrında səhnələşdirilən “Qanlı toy” tamaşası  ispan  yazıçısı Federik Lorkanın eyni adlı əsərinin motivləri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru  Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru  Azərbaycan  və  Rusiya Federasiyasının Kalmıkiya  Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Əsərin hazırlıq prosesinə Gənc  Tamaşaçılar Teatrından daha bir mütəxəssis – Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs rejissoru Ramiq Nəsirovdur.  İki pərdəli “Qanlı toy” tamaşasında rolları  Mingəçevir teatrının istedadlı aktyorları – Aydın Quliyev, Fəridə Məmmədova, Xalq artisti Ella Yaqubova və başqaları ifa edirlər.

Qurluşçu rejissor Bəhram Osmanov  yeni tamaşanın hazırlıqları ilə bağlı saytımıza  məlumat verərkən Federik  Lorkanın əsərlərinin Azərbaycan oxucuları arasında hər zaman rəğbətlə qarşılandığını deyib: “Federik Lorkanın istər nəsr,  istərsə də nəzm əsərləri sevilir və maraqla oxunur. Amma dramaturgiyasının dili və üslubu bir qədər qəliz olduğu üçün çətin anlaşılır. Bununla belə zaman –zaman Azərbaycan teatrları və rejissorları  onun dramaturgiyasından da  müsbət mənada yararlanmağa çalışıblar. “Qanlı toy” əsərinə gəlincə bu  əsər məhəbbət faciəsindən, məhəbbətin insanın  qanına, canına ruhuna təsirindən, bir  məhəbbətin tapdanaraq digər məhəbbətə köklənən qəddar hisslərdən bəhs edir. ”Qanlı toy” ötən əsrin 30 –cu illərində, İspaniyada faşizmin təşəkkül tapmağa başladığı ilk dönəmlərdə qələmə alınıb. Fikrimcə, əsərin qəddar, sərt  ruhu da həmin dövrün xüsusiyyətlərindən qaynaqlanır. Federik Lorka  bu əsərlə faşizmin insan üçün ən ülvi hiss olan məhəbbəti  də məhv etməyə qadir olduğunu göstərməyə çalışıb”.

Qeyd edək ki, iyul ayunun  11–də yeni tamaşaya daxili baxış keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir