Bakıda yeni layihə

0
25

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni layihə – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyası həyata keçirilir. Bununla əlaqədar Böyük Britaniyanın bu sahədə böyük təcrübəyə malik tanınmış Mott MacDonald şirkəti ilə müqavilə imzalanıb və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindənbildiriblər ki, iyulun 10-dan etibarən konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlərin 2 rəngdə – yaşıl və narıncı rəngdə olacağı bildirilib. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və insanların sağlamlığının qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırır.

Müvafiq qurumların nümayəndələri proseslərin izah edilməsi məqsədilə sakinlərlə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşürlər paylanılır.

Gələcəkdə bu işlərin digər rayonlarda da aparılacağı nəzərdə tutulub.