Çimərliklərdə reydlər keçirilib

0
70

Havaların isti keçməsi ilə əlaqədar olaraq dəniz sahilinə əhalinin kütləvi axını müşahidə olunur. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğunu çatdırır və onu da bildirir ki, çimərlik və sahilyanı zonada istirahət üçün lazımi şəraitin yaradılması ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

İcra hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan müşahidələr və vətəndaşlardan daxil olan bir sıra müraciətlər hələ də həmin tələblərə riayət etməyənlərin olduğunu xəbər verir. Bir sıra yerlərdə çimərliklərə daxil olmaq üçün vətəndaşlara əsassız olaraq maneələr yaradılır.

Müraciətlərin araşdırılması və neqativ halların aradan qaldırılması üçün icra hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşları Səbail rayonundakı Şıx, Suraxanı rayonundakı Hövsan, Xəzər rayonundakı Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.

İcra hakimiyyətinin Ticarət və xidmət departamentindən bildiriblər ki, baxış zamanı bir sıra nöqsanlar üzə çıxarılıb. Məsələn, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edildiyi aşkar olunub. Belə hallarla üzləşən vətəndaşlar müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız göstərilən xidmətə görə pul almaq olar.

Aşkar edilən nöqsanlar aradan qaldırılmadıqda inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir.

Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə həmin çimərliklərə təkrar baxış keçiriləcək. Bundan başqa mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və onun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

İyunun 29-da Novxanı qəsəbəsindəki çimərliklərdə reydlər aparılıb və aşkar edilən nöqsanlar dərhal aradan qaldırılıb. Reydlərin davamlı olaraq aparılacağı nəzərdə tutulub.