Başçı səyyar görüşlərlə problemləri aradan qaldırır

0
127

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun  növbəti səyyar görüşü şəhərin Heydər Əliyev prospektinin 33, 35, M.P.Vaqif küçəsinin 10 saylı binalarının sakinləri ilə keçirilib.

 Şəhər ictimaiyyəti nümayəndələrinin, İcra Hakimiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərlərinin və KİV təmsilçilərinin qatıldıqları səyyar görüşü giriş sözü ilə  açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səyyar görüşlərin ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən keçirildiyini bildirib. Başçı  ölkə rəhbəri tərəfindən həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, eləcə də şəhərdə aparılan abadlıq-quruculuq işlərindən də ətraflı söz açıb. Qeyd edib ki, Mingəçevir şəhərində artıq Xalça fabrikinin tikintisi üçün yer də ayrılıb. Mingəçevirin əsas problemlərindən sayılan suvarma suyu və istilik sisteminin bərpası ilə bağlı Nazirlər Kabineti ilə danışıqlar aparılıb.  

 

Görüşdə iştirak edən sakinlər İlham İsmayılova hər həftə sakinlərlə görüşdüyü üçün, onların problemləri ilə yaxından maraqlandığına görə minnətdarlıq bildiriblər. Daha sonra sakinlər onları narahat edən əsas problemləri dilə gətiriblər. Sakinlərin bir qismi şəhərin Dezinfeksiya Stansiyasının yarıtmaz fəaliyyətindən, binaların zirzəmilərinin çirkab sularla dolub-daşmasından, şəhid bulaqlarının çəkilməsi ilə bağlı üzləşdikəri problemlərdən, məişət tullantıları daşındıqdan sonra  onların yerinin dərmanlanmamasından danışıblar.

 

Bütün sadalanan problemləri dinləyən başçı hər bir aidiyyatı qurumlara tapşırıqlar verib. İcra başçısı, həmçinin şəhidlərin valideynlərinə bildirib ki, onlar öz həyətlərinin qarşısında şəhid bulaqları təşkil edə bilərlər. Həmin bulaqlara sayqaclar qoyulsa da, onlar buna görə vəsait ödəməyəcəklər.

Esmira Hidayətova, Mingəçevir