Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir

0
159

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 ili tamam olur. Milli Ordumuzun dünəni necə olub? Hazırda ordumuzda vəziyyət necədir? Bu və digər suallarla iki  hərbçiyə müraciət etdik.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov:

-Son illər ölkəmiz hərbi potensialını xeyli artırıb. Belə ki, ordumuz ən müasir silah-sursat, texnika, avadanlıqlarla təchiz edilib. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi isə ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Bu gün ordumuz dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda da iştirak edir və uğurlar qazanırlar. Qeyd edim ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Milli Ordumuz  dünyanın 50 ən qüvvətli ordusu sırasındadır.

 Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda hərbi sənaye kompleksi də yaradılıb. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Artıq müxtəlif beynəlxalq sərgilərdə Azərbaycanın hərbi məhsulları da nümayiş olunur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə qadirdir. Əminəm ki, 101 illik tarixi olan Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı da azad edəcək.

Ordumuzun bu gün belə bir səviyyədə olması, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Yeri gəlmişkən, Ulu Öndər çıxışlarının birində hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını həyatında gördüyü işlər içərisində ən çox dəyər verdiyi işlərdən biri kimi xarakterizə edərək demişdir: “Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri- adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm”. Elə o illərdə ulu öndər Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə də nail olmuşdur. İkinci dəfə hakimiyyətə qayıdışından sonra isə Ulu Öndər ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar aparmış, qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılmasını, vahid komandlıq altında birləşdirməsini başa çatdırmışdır.

II qrup Qarabağ qazisi, ehtyatda olan baş leytenant Əhliyət Mehdiyev:

– Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz bu gücünü 2016-cı ilin aprel döyüşlərində bir daha sübut etdi. Belə ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da xalqımıza qələbə sevinci yaşatdı. Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın iftixar yeridir.

Ötən il Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da təsdiqlədi ki, ordumuz qüdrətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Zənnimcə, bütün bu uğurların təməlini ordumuza göstərilən böyük diqqət və qayğı təşkil edir.  Ümumiyyətlə, ərazi bütovlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bu, danılmaz faktdır. Bu da öz növbəsində ordumuzda ruh yüksəkliyini daha da artırır. Yeri gəlmişkən, Prezidenti İlham Əliyevin cari ilin iyun ayının 18-də  imzaladığı çoxsaylı sərəncamlardan biri hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə maaşlarının artırırılması ilə bağlı olub. Hərbçilərin sosial-məişət şəraitini daha da yaxşılaşdıracaq bu Sərəncam dövlətimizin başçısının hərbçilərə olan olan diqqət və qayğısının daha bir təzahürüdür. Bir zabit kimi Ali Baş Komandanımız tərəfindən Vətən keşikçilərinə yüksək diqqət və qayğı göstərildiyini hər an öz üzərimdə hiss edirəm.

Yeri gəlmişkən, sevindirici haldır ki,  bu gün daha  vətənpərvər gəncliyimiz yetişir. Bu gün onlar hərbi xidmətə böyük həvəslə, ruh yüksəkliyi ilə yollanırlar.  Gənclərimizin hərbi xidmətə  yola salınması zamanı da bunun şahidi oluruq. Onların hərbi xidmətə yola salınması artıq el şənliyinə çevrilib desək, səhv etmərik. Bu isə o deməkdir ki, bu gün yüzlərlə  Mübarizimiz,  Fəridimiz, Raqubumuz, Muradımız, Samidimiz ordu sıralarımızdadır. Bu cür gəncliyi olan bir xalqın isə torpaqları isə işğal altında qala bilməz. Bir məsələdən də söz açmaq istərdim. Bu gün işğalçı ölkənin gəncləri orduda xidmət etmək istəmirlər. Hətta orduya çağırışlara belə məhəl qoymurlar. Elə bu səbəbdən, əgər belə demək mümkünsə, işğalçı ölkədə əsgər qıtlığı yaşanır. Odur ki, rəsmi İrəvan xarici ölkələrə üz tutan erməni gənclərini cəzalandırmaqla qorxudur.

Onu da deyim ki, aprel döyüşlərində yaralanmağıma baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalanması üçün döyüşlərə həmişə hazıram. Bu məsələdə bütün qazilərimiz də mənimlə həmfikirdirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”