Mingəçevirdə “Müvəqqəti ər” maraqla qarşılanıb

0
170

Bu gün Mingəçevir Dövlət Dram Teatrında Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər”(Hülləçi) ikihissəli  komediyası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, qurluşçu rəssam Əməkdar rəssam  Rafael Haşimov, musiqi tərtibatı  Elnur Rəsulov, rejissor köməkçisi Məlahət Ağayevadır.

Tamaşada Xalq artisti artisti Ella Yaqubova,
Əməkdar artist Şıxı Yaqubov, həmçinin Aydın Quliyev, Firuz Hacıyev, Fəridə Məmmədova, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Paşa Salmanov, Hüseyn Mustafa rol alıblar. Tamaşa teatrsevərlər tərəfindən  çox maraqla qarşılanıb.

Tamaşanın sonunda teatırın direktoru Səxavət Məmmədov və quruluşçu rejissor  Valeh Kərimov çıxış edərək teatırın aktyorlarını təbrik edib, onlara gələcək rollarında uğurlar arzulayıbar. Direktor onu qeyd edib ki, Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə yeni tamaşaların hazırlanmasına start verilib.

Tamaşadan sonra rejissor Valeh Kərimovla həmsöhbət olduq. O bildirdi ki, bu, onun Mingəçevir teatırında səhnələşdirdiyi ikinci tamaşasıdır: “Mən bu teatrda İsi Məlikzadənin “Gəl qohum olaq” əsərinə səhnə həyatı vermişəm. Həm də həmin tamaşada Ədalət obrazını canlandırmışam”. Müsahibimiz Mingəçevirdə teatra böyük maraq olduğunu da vurğuladı.

Esmira Hidayətova, Mingəçevir