I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

0
115

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. İmtahan ölkənin 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılacaq.

İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 24 028 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19878 abituriyent I qrup üzrə, 4 150 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 21 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18238, IV qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13788 nəfəri oğlanlar (I qrup üzrə 12786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10240 nəfəri isə qızlardır (I qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21720 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin, 228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 10706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə 1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507, Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.