Vüqar Rəhimzadə general-mayor Həzi Aslanov xatirə medalı ilə təltif olunub

0
156

İyunun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “İki sahil” qəzetinin qonağı oldu. Polkovnik  Cəlil Xəlilovun gəlişinin səbəbi üzvü olduğu  32 illik təşkilatın “İki sahil” qəzeti ilə sıx əməkdaşlığının nəticəsi idi.

Qəzetdə mütəmadi olaraq hərbi vətənpərvərlik mövzularına yer ayırdığı üçün baş redaktora minnətdarlıq edən polkovnik Cəlil Xəlilov  bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində “İki sahil” çox səmərəli fəaliyyət göstərir. Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, onda apardığı mübarizənin uğurlu nəticələnəcəyinə inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Tarixdə iz qoyan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır. İstənilən siyasi şəraitdə bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib.

Cəlil Xəlilov “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə dövlətə və dövlətçiliyə yüksək sədaqətinə  və gənclər arasında vətənpərvərlik ruhunun təbliğində göstərdiyi böyük xidmətlərə görə Respublika Veteranlar Təşkilatının general-mayor Həzi Aslanov xatirə medalını təqdim etdi. Bildirdi ki, Respublika Veteranlar Təşkilatının general-mayor Həzi Aslanov xatirə medalı ilk dəfə ölkə başçısı cənab İlham Əliyevə təqdim olunub.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə göstərilən etimada görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, “İki sahil” qəzeti Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığını  bundan sonra da davam etdirəcək. Çünki hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən qurum gənc nəsil arasında vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.

Baş redaktor qeyd etdi ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir. “İki sahil” qəzeti bundan sonra da gənclərin doğru istiqamətdə maarifləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Sonda xatirə şəkli çəkildi.

Şəmsiyyə Əliqızı, “İki sahil”