Könüllərdə əbədi yaşayacaq Milli Qəhrəmanımız

0
41

Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Şirin Vəli oğlu Mirzəyevin  xatirəsi anılıb. Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin məzarına gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra çıxış edən Qarabağ qazisi Firudin Məmmədov polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, xalqa xidmət arzusu Şirin Mirzəyevi Ağdama çəkib gətirib: “Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə Vətənin böyük ehtiyacı var idi. Bütün maneələrə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə təşkil edib. Bu, o dövr üçün çox zəruri bir addım idi”.

O, həmçinin bildirib ki, Şirin  Mirzəyev kimi igidlərimizin,  qəhrəmanlarımızın əziyyəti hədər getməyib: “Bu gün Milli Ordumuz bütün əsas istiqamətlərdə inkişaf edib və bununla bağlı kifayət qədər sübutlar var. Bunu beynəlxalq qurumlar da yüksək qiymətləndirirlər. Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandanın əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır”.

AVMVİB-in sədri Füzuli Rzaquliyev qeyd edib ki, Şirin Mirzəyevin həyat yolu respublikamızda örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib: “O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin müdafiəsinə rəhbərlik edib. Şirin Mirzəyev döyüşlərdə bir cəngavər kimi vuruşub”.

O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi qurum bu gün də şəhid Şirin Mirzəyevi müharibə veteranları sırasında görür: “Bu səbəbdən  AVMVİB onu təsis etdiyi “Müharibə veteranı” medalı ilə də mükafatlandırmaq niyyətindədir. Elə medalın vəsiqəsində də Şirin Vəli öğlu Mirzəyev yazılıb. Əbəs yerə deyilmir ki, şəhidlər ölmürlər”.

Digər çıxış edənlər – AVMVİB-in Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov, eləcə də Telman Aslanov, Şəmsəddin Zeynalov, Alış Daşdıyev, Rafiq Kərimov əfsanəvi hərbçi Ş.Mirzəyevin şərəfli döyüş yolundan söz açmaqla yanaşı, Milli Qəhrəmanla bağlı  xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin deputatı Flora Qasımovaya  AVMVİB-in təsis etdiyi “Müharibə veteranı” medalı təqdim olunub. O, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə, eləcə də digər şəhidlərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək deyib: “Şirin Mirzəyev həmişə vahid komandanlıq arzusunda idi. İndi onun ruhu şaddır, çünki bu gün bizim müasir silahlarla təchiz olunmuş Milli Ordumuz  var. Yeri gəlmişkən, Azərbaycan Ordusu aprel döyüşləri ilə işğal altındakı ərazilərimizi hər zaman qaytarmağa hazır olduğunu əyani şəkildə göstərib. Bəli, bu gün sürətlə inkişaf edən ölkəmizin yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Şübhəsiz, Prezidentimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Əlbəttə, ölkə başçısı diplomatik səylərlə, danışıqlar yolu və bütün digər cəhdlərlə yanaşı, ordumuzun da qüvvətlənməsinə xüsusi diqqət ayırır. Çünki ordumuz bütövlükdə xalqımızın qarantıdır. Nə qədər ki müharibə şəraitində yaşayırıq, ordumuz daim döyüş vəziyyətində olmalıdır. Hər bir əsgərimizdə, gəncimizdə qəhrəmanlıq ruhunu yaşatmaq isə hər birimizin borcudur”.

 Milli Məclisin deputatı Flora Qasımova  tədbirlə bağlı öz fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən deyib ki, Şirin Mirzəyevin döyüşçuləri, yaxından tanıyanlar belə tədbirlərlə onu, sözün həqiqi mənasında, yaşadırlar: “Nə gizlədim, mənim Şirin Mirzəyevin təbliği ilə məşğul olmağa o qədər də vaxtım olmur. Bütün bu işləri onlar görürlər. Dövlətin göstərdiyi diqqət və qayğı da öz yerində”. O, həmçinin vurğuladı ki, kiçik nəvəsinə Şirinin adı verilib: “Şübhəsiz, o, babasına layiq bir övlad olacaq”.

Məlumat üçün bildirək ki, Şirin Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndidə anadan olub. 1967-ci ildə Sankt- Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıqlar göstərib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək şəhid olub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qvami Məhəbbətoğlu, “İki sahil”