Sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlandı

0
148

Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu əminliyi ifadə etmişdir ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır.”

Ölkə başçısının dərin elmi əsaslara və müasir çağırışlara söykənən uğurlu inkişaf starategiyasının sayəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.

Dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.

Dövlət başçısının 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə martın 1-dən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır. Əməkhaqqı artımı 600 min, pensiya artımı isə 233 min nəfəri əhatə edib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində son 15 ildə orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının ötən il keçirilən prezident seçkilərindəki qələbəsindən sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi haqqında olması bunu bir daha təsdiq edir.

Ötən il aprelin 11-də keçirilən prezident seçkilərində xalqın yekdil səsi ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. İlk olaraq 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu il yanvarın 28-də dövlət başçısının imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib və bunun üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb. İndiyə qədər 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq.

Dövlət başçısının “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 30 yanvar tarixli Fərmanı ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların rifah halının yaxşılaşdırılması sahəsində uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Fərmana əsasən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də bu il aprelin 1-dən 100 faizədək artırılıb.

Ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla 626 mənzil verilib. İndiyədək isə həmin təbəqədən olanlar 6 min 654 mənzilə sahib olublar. Prezidentin tapşırığı ilə bu il də həmin kateqoriyadan olanlara azı 800 mənzil veriləcək.

Ölkəmizdə xüsusi həssas kateqori yadan olan vətəndaşlar – əlillər də daim dövlət qayğısı ilə əhatə olunurlar.

Prezident İlham Əliyevin 2019-cu il 18 mart tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Bunun nəticəsində bu il həmin kateqoriyadan olanlara verilmək üçün əlavə olaraq 400-dən artıq avtomobil alınacaq. Beləliklə, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərinə və onlara bərabər tutulanlara planlaşdırıldığından üç dəfədən çox olmaqla 600-dək avtomobil təqdim edəcək.

Ötən il həmin kateqoriyadan olanlara 265 avtomobil verilib və bununla da onlara təqdim olunan minik avtomobillərinin sayı 6 min 144-ə çatıb. Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün 997 nəfər əlilliyi olan vətəndaşlar növbəyə dayanıb və onlardan artıq 600-ə yaxını avtomobillə təmin ediləcəklər.

Eyni zamanda, ölkə başçısının imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri – I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda, müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin aylıq təqaüdü əmək pensiyası almaq hüququ olan I qrup əlillərə şamil olunmaqla həmin təqaüdün məbləği də 100 manata çatdırılıb.

Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən Prezidentin təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.

Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu sosial siyasət nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü məhz uşaqların sosial müdafiəsinə yönəlib.

Bu gün sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir.

Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.

Uşaqlar üçün müəyyən edilən müavinətlərin mütəmadi olaraq artırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı bu sahədə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Yeni Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü – 50 manat təsis edilib.

Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların himayəçiləri üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Ümumilikdə, bu ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı sənədlər təqribən 3 milyona yaxın vətəndaşı əhatə edib.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilmısi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Ölkə başçısının imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.

İyunun 18-də Prezident İlham Əliyev əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiqlədi. Bununla da ölkə başçısı “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiqlədi. Belə ki, ölkə başçısının həmin gün imzaladığı müvafiq Sərəncamı uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işçilərin minimum aylıq əmək haqqı 250 manat müəyyən edildi.

Ölkə başçısının təqdim etdiyi yeni sosial paketə daxil olan müvafiq Sərəncamlarla büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur.

Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.

Bundan başqa, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında və  sair sərəncamlar da imzalayıb.

Göründüyü kimi, dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.

Zahid Rza, “İki sahil”