Qubanın daha 11 kəndi qazlaşdırılır

0
109

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Təngəaltı və Kunxırt kəndlərinin qazlaşdırılmasına başlanılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra bu 2 kənddə ümumilikdə 308 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 700 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.

Rayonun Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılması isə başa çatmaq üzrədir. Həmin kəndlərdə 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Bu il Qubanın 11 yaşayış məntəqəsinin təbii qazla təminatı planlaşdırılır. Rayonda il ərzində qazlaşdırılacaq yaşayış məntəqələrində ümumilikdə 1715 abonent qeydə alınıb.

Quba ilə yanaşı, Xaçmazda 3, Qusarda isə 1 yaşayış məntəqəsi qazlaşdırılacaq. Bununla da şimal regionunda daha 2 min 172 abonent “mavi yanacaq”la təmin ediləcək.

Hazırda şimal regionunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 288, təbii qazdan istifadə edən abonentlərin sayı isə 102 mindən çoxdur.