Ulu Öndərin siyasi kursu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

0
59

“Torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı öz müdrik, uzaqgörən siyasəti ilə aradan qaldırdı. Ulu Öndər qısa zaman kəsiyində başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoydu. Ən əsası Ulu Öndərin qayıdışı Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi. Ümummilli Lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı bugünkü firavanlıqdan, əmin-amanlıqdan, inkişafdan danışmaq mümkün olmazdı. Elə bu kimi siyasətinə görə bu böyük şəxsiyyətin əziz xatirəsi önündə illər sonra da bütün vətənpərvər insanlar baş əyib ehtiram göstərəcəklər”. Bu sözləri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Bildirdi ki, 15 İyun – Milli Qurtuluş Günü Ulu Öndərin güvəndiyi xalqı ilə birgə dövlətimizi, müstəqilliyimizi qoruyub saxladığı günüdür: “15 İyun Azərbaycanın, mən deyərdim ki, yeni relslər üzərinə qoyulduğu gündür. Böyük sevinc, qürur və fərəh hissi ilə qeyd etdiyimiz bu gün sabitlik və inkişaf yoluna çıxdığımız gündür. Tariximizin çox əhəmiyyətli dönüş nöqtəsi olan 15 İyun xalqımızın müstəqillik arzusunun reallığa çevrildiyi tarixdir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli liderimiz Heydər Əliyev olub. Əgər belə demək mümkünsə, 15 İyunda Ulu Öndər bizim Qurtuluş çırağımız oldu. Belə günü daha geniş şəkildə bayram etmək, Ümummilli Lideri xatırlamaq, şübhəsiz, bizim vəfa borcumuzdur. Bir sözlə, Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olunmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Şübhəsiz, bu kimi məziyyətlərinə görə xalqımızın milli bayramları arasında Milli Qurtuluş Gününün xüsusi yeri var. Vətənini sevən hər bir soydaşımız bu günü təmtəraqla qeyd edir. Çünki ölkəmizlə  bağlı elə bir müsbət məqam yoxdur ki, orada görkəmli siyasi xadim Heydər Əliyevin adına rast gəlinməsin”.

Müsahibimizin fikrincə, bu günün mənası təkcə ölkənin xaosdan xilas edilməsi ilə məhdudlaşmır: “Belə ki, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Məhz Ulu Öndərin siyasəti sayəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, dünya gəlirlərindən pay alan, nəhəng trans milli layihələri reallaşdıran bir ölkədir. Onu da qeyd edim ki, bu gün ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri üçün də önəmli bir ölkəyə çevrilib. İqtisadi və siyasi sahədə aparıcı bir dövlətə çevrilən, beynəlxalq aləmdə söz sahibi olan, dünya birliyində layiqli yer tutan, tolerantlıq məkanı kimi tanınan Azərbaycanımız tərəqqi yolunda sürətlə irəliləyir. Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP boru kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin açılışı kimi möhtəşəm tədbirlər Ulu Öndərin kursunun siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artırır. Bir sözlə, Azərbaycanın bugünkü uğurlarının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı və həmin qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır.

Şübhəsiz, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin siyasəti gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və ən ağrılı problemimiz olan ərazi bütövlüyümüz Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə bərpa ediləcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”