Agentliyin sədri: Yarmarkalar kənd təsərrüfatı texnikalarının satışına müsbət təsir göstərib

0
112

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən ilk kənd təsərrüfatı texnikası yarmarkaları başa çatıb. Mayın 20-dən iyunun 12-dək ölkəmizin 6 regionunda 30-dək rayonu əhatə edən yarmarkaların əhəmiyyəti nədən ibarət olub?

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, aqrar sahədə yüksək məhsuldarlığa nail olmaq, vaxt itkisini azaltmaq, məhsulun maya dəyərini aşağı salmaq üçün texnika və avadanlıqlardan geniş istifadə labüddür: “Bu səbəbdən də 2005-ci ildən başlayaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinq yolu ilə satışı həyata keçirilirdi. Lakin müşahidələr göstərdi ki, bu fəaliyyətin yenilənməsinə ehtiyac var. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında”  Fərmanı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan ehtiyaclarının aradan qaldırılması üçün yeni mexanizm təsdiq olundu. Belə ki, əvvəlki qaydalar yalnız dövlətə məxsus “Aqrolizinq” ASC-dən texnika alışına güzəşt tətbiqinə imkan verirdi. Yeni qaydalara əsasən isə istənilən təchizatçıdan alınan texnikanın dəyərinin bir hissəsini dövlət ödəyir. Üstəlik, texnikanın satışına lizinq mexanizmindən əlavə, faizsiz kredit mexanizmi də təklif olunur. Yəni, kənd təsərrüfatı məhsulu istehsalçısı Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatında açdırdığı bank hesabına texnikanı kreditlə götürəndə dəyərinin 20 %-dək olan ilkin ödənişini edir. Nağd ilə götürmək istəyənlər isə 60 faizini ödəyir. Daha sonra onlar ərizə ilə Aqrar Kredit və İnkişaf Agentliyinə  müraciət edərək, qalan 40% məbləğin subsidiyalaşmasını, həmçinin ona kredit xətti açılmasını istəyirlər. Kreditlə götürdüyü təqdirdə, 5 ilədək müddətdə faizsiz olaraq hissə-hissə texnikanın qiymətini ödəyir”.

Müsahibimiz bildirdi ki, kənd təsərrüfatı texnikaları yarmarkalarının təşkilində əsas məqsəd də fermerlərin maliyyə və kənd təsərrüfatı texnikasından istifadəyə çıxışının asanlaşdırılmasından, təchizatçı şirkətlər, müvəkkil kredit və sığorta şirkətləri ilə onların tanışlığını təşkil etməkdən, eləcə də bu sahə üzrə maarifləndirmədən ibarət olub: “Qeyd edim ki, regionlarda kənd təsərrüfatı texnikası yarmarkalarının təşkili ilə əlaqədar təşəbbüs ölkə Prezidenti cənab İlham Əliyevin XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisinə ziyarəti zamanı gündəmə gətirilmişdir. Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verirdilər. Bir dövlət qurumu olaraq fermer və sahibkarı hər hansı təchizatçıya önəltməyi liberal bazar qanunlarına zidd sayırdıq. Ona görə də qərara aldıq ki, fermerlərin təchizatçılarla birbaşa əlaqəsini təşkil edək və bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaratsın”.

Mirzə Əliyev qeyd etdi ki, 20 may – 12 iyun 2019-cu il tarixlərində Şəmkir, Bərdə, Şəki, Ucar, Quba və Lənkəran rayonlarında keçirilmiş yarmarkalarda yüzlərlə fermer iştirak edib: ”Bu müddət ərzində kənd təsərrüfatı texnikası yarmarkalarında 30-dək şirkət və maliyyə qurumu iştirak edib, 200-dən çox texnika və avadanlıq fermerlərə təqdim olunub. Yarmarkalar kənd təsərrüfatı texnikalarının satışına da müsbət təsir göstərib. Belə ki, texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə etdik”.

Müsahibimiz daha bir məsələyə aydınlıq gətirdi:  “Fermerlərimizi sevindirən daha bir məqam dövlət güzəşti tətbiq edilən texnikaların siyahısının genişləndirilməsidir. Belə ki, güzəştlə satılan texnika və avadanlıqlar siyahısında 60-dan çox çeşiddə məhsul yer alıb. Əvvəllər güzəştlə almaq mümkün olmayan suvarma, ilkin emal avadanlıqlarını, fermerlərin böyük ehtiyac duyduqları sağım aparatlarını, həmçinin müasir kənd təsərrüfatında istifadə olunan robot və dronları indi bizim fermerlər 40% güzəştlə əldə edə bilirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”