15 iyun 1993-cü il: uğurlarımızın başlanğıc tarixi

0
128

Mingəçevir şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi – 15 iyun 1993-cü il” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.

Könfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra, konfrans öz işinə şəhər təşkilatının akt zalında başladı.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd etdi. Natiq çıxışında bu gün Azərbaycanın bütün dünyada sayılan, seçilən, regionda lider olan demokratik, dünyəvi bir dövlət kimi tanındığını bildirməklə, ölkəmizin iqtisadı inkişafına görə dünyanın qabaqcıl ölkələri sırasında olduğunu, Azərbaycanın Heydər Əliyev yolu ilə uğurla, inamla, sürətlə irəlilədiyini, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, Ulu Öndər strategiyasının ən uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin işıqlı gələcəyə doğru inamla addımladığını vurğuladı.

Sonra İlham İsmayılov konfransın gündəliyinə əsasən sözü məruzəçilərə verdi.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”, Mingəçevir Turizim Kollecinin müəllimi Aygül Rəhimova “Ümummilli lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifi”, 16 saylı orta məktəbin tarix müəllimi Ramiz Kərimov “Dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısı və milli xilaskarımızdır”, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin tyutoru, YAP şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini Aytac Cavadova “Azərbaycanın müasir nailiyyətlərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi xəttin uğurlu davamıdır” mövzusunda çıxışlar etdilər.

Sonda İ.İsmayılov yığıncaqda ulu öndərin xalqımız və müstəqil dövlətimiz qarşısında göstərdiyi xilaskarlıq missiyası haqqında çox ətraflı və mənalı məruzələrinə görə çıxış edənlərə təşəkkürünü bildirdi.

Esmira Hidayətova, Mingəçevir