“Son zəng” yaddaqalan oldu

0
137

Hər il olduğu kimi, bu ildə Mingəçevirin bütün ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib. Qeyd edək ki, bu il Mingəçevirin ümumtəhsil ocaqlarından 765 şagird məzun olub.

Son zəng  tədbirlərdən biri də yenicə əsaslı təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan   14 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov da iştirak edib.

Əvvəlcə məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən icra başçısı   müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən təhsilimizə göstərilən diqqətin, qayğının nəticəsidir.  İcra hakimiyyətinin başçısı təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın bir xoşbəxtlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədirlər:  “Mingəçevir təhsili də öz uğurları ilə həmişə öndə olub. Bu il Mingəçevirdə daha iki məktəb binası təmir və yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına veriləcək”.

 

İcra Hakimiyyətinin başçısı məzunlara hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq, öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.

Daha sonra söz alan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sariyə Əliyeva qeyd edib ki,  məktəb 45 il ərzində müxtəlif tədbirlər, uğurlar və yeniliklərlə yaddaşlara həkk olunub: “Məktəbimiz 1125 şagird yerlikdir. Hazırda bu təhsil ocağında 806 şagird var, onların təlim- tərbiyəsi ilə 83 müəllim məşğul olur. Məktəb beynəlmiləl məktəbdir”. Uğurlardan söz açan müəllimə bildirib ki, ötən il 52 şagird məzun olub ki, onlardan da 45 nəfəri ali məktəblərə ərizə veriblər: “O məzunlarımızdan da 29 nəfəri ali, 5 nəfəri isə orta ixtisas məktəblərinə daxil olublar. Bu ilki məzunların sayı isə 62 nəfərdir. Onlardan 17 nəfəri rus bölməsinin bölməsinin şagirdləridir. Onu da deyim ki, bu şagirdlər kurikukulm tədris proqramının ilk buraxılışıdır. İmtahanlar zamanı bu il 62 nəfər şagirddən 49 nəfər şagird ail məktəblərə ərizə verib. İlkin məlumata görə, 30 şagirdimiz ali məktəbə qəbul olmaq şansını qazanıb. Şagirdlərimiz çalışırlar ki, ikinci qəbul imtahanlarında da daha da fəallığ göstərsinlər”.

Daha sonra buraxılış imtahanlarında qazandığı naliyyətlərə görə bir qrup şagirdə fəxri fərmanlar təqdim olunub.

Son zəng tədbirində şagirdlərin hazırladıqları bir-birindən maraqlı nömrələr alqışlarla qarşılanıb. Tədbir 1 və 11-ci sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Esmira Hidayətova, Mingəçevir