Onlar “Əlvida ilk müəllimim” dedilər

0
179

Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı məktəbdə  IV a sinif şagirdlərinin “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi iştirak edib.

Buraxılış gecəsi şagirdlərin himni oxuması ilə başlayıb. Daha sonra  Azərbaycan milli rəqsini ifa edən şagirdlər 4 il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb.

Bayram şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirilib. Məktəbin direktoru Tünzalə Əfəndiyeva öz çıxışında bildirib ki, hər bir müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər: “Məktəbimiz heç bir zaman bu cür ibtidai sinif müəllimi cəhətdən qıtlıq çəkməyib, hər zaman zəngin olub. Məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar. Elm yolu çətin yoldur. Xalidə  müəllimə bu çətin yolda 41 ildir  şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir. Bu gün onun 12-ci buraxılışıdır. Mən bir məktəb direktoru kimi deyə bilərəm ki, məktəbimizin  təhsildəki uğurları ilbəil artır.  Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir. Sevindirici bir xəbəri də sizinlə bölüşürəm ki, bu il bizə    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni məktəb binası tikiləcək. Artıq bu işlərə başlanılıb. Bu ölkə rəhbərliyinin təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu da bizə bir daha stimul verir ki, gələcəyimiz olan balalarımıza daha  yaxşı təhsil verək”.

  Öz sevimli şagirdlərinə vida sözü ilə çıxış edən 4 a sinifinin rəhbəri Xalidə Şamçıyeva kədərləndiyini bildirib. Qeyd edib ki, bu sinif  onun ən çox sevdiyi buraxılışıdır. Onların hər biri onun üçün əziz olduğunu deyib.4 il ərzində qazanılan nailiyyətlərdən danışıb, bildirib ki, məktəbin təhsil uğurları hər birimizi sevindirir. Xalidə müəllimə şagirdlərinə  xoş arzularını və diləklərini çatdırıb, gələcək təhsillərində uğurlar diləyib, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirib.

 Tədbirdə çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Xalidə müəlliməyə sonsuz minnətdarlıqlarını bildiriblər.

Sonda hər bir şagirdə “Mənim ilk müəllimim”adlı xatirə kiabçaları təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir