İcra başçısı: ”Heç kim məhəllələrin qarşısını zəbt edə bilməyəcək”

0
131

Mingəçevirdə şəhər sakinləri ilə səyyar görüşlər davam edir. Belə növbəri görüşlərdən biri şəhərin U.Hacıbəyov, A.Qurbani, Rəsul Rza küçələrinin sakinləri ilə 10 saylı məkəbin akt zalında keçirilib.

Tədbirdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırıb və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş edib. Başçı daha sonra ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulayıb.  Başçı çıxışında Mingəçevirdə   həyata keçirilən quruculuq işlərindən danışıb, şəhərin  sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırıb.

Səyyar görüşdə çıxış edən 10 nömrəli məktəbin tarix müəllimi Seymur Kamiloğlu şəhərdə görülən işləri müsbət qiymətləndirib. Daha sonra  uzun  illər öz həllini tapmayan problemləri dilə gətirən sakinlər  yaşayış  binalarının qarşısında tikilən qarajlardan,  həyət  evlərindən, küçə itlərinin artmasından, vaxtı ötmüş ağacların yaratdığı təhlükələrdən və s.problemləridən söz açıblar. Bütün söylənilənləri dinləyən icra başçısı bildirib ki, burada qaldırılan məsələlər tezliklə öz həllini tapacaq: ”Bunlar mərhələ-mərhələ aparılacaq. Bundan sonra heç kim məhəllələrin qarşısını zəbt edə bilməyəcək. Biz buna imkan verməyəcəyik. Mingəçevirdə abadlaşmayan küçə qalmayacaq”. O, həmçinin vurğulayıb ki, artıq Mingəçevirin Sağ sahil qəsəbəsində Xalça fabrikinin tikintisinə də başlanılacaq.

Esmira Hidayətova, Mingəçevir