“Heç olmasa “qapazaltı” olmayaq”

0
353

Avro-2016-nın qrup mərhələsində növbəti turun oyunları artıq dünəndən start götürüb. Milli komandamız bu gün İtaliya yığmasının qonağı olacaq və 3 gün sonra xorvatlarla səfərdə çətin oyuna çıxacaq. Hədəfi Avro-2016-nın final mərhələsinə çıxmaq olan millimizin bu ağır oyunlar öncəsi ölkəmizin tanınmış futbol mütəxəssislərinin fikrlərini öyrəndik. Məşqçilərimizin çoxu rəqiblərin favorit olduqlarını desələr də, millimizin xal alacağına da inamı itirmirlər.

“Psixoloji cəhətdən biz üstünük”

Ağasəlim Mircavadov: “Bu oyun haqda sual vermək asandır, cavabı çox çətin, ağırdır. Bolqarıstana məğlubiyyətdən sonra xalımız olmadığından, bu oyunlardan xal almağa çalışmalıyıq. İtaliya və Xorvatiya qrupun fovaritləridir, bu ölkələrin milli komandaları ilə oyun çox çətin olacaq. Bir tərəfdən bu komandalara qarşı oynamaq bizim üçün yaxşıdır. Çünki ola bilər ki, bizi ciddiyə almazlar, amma yaxşı oyun göstərərək nəsə edə bilərik. Əgər belə bir vəziyyət olsa, bizim üçün çox böyük şans yaranar. Birincisi, psixoloji duruma görə biz üstünük, çünki heç nə itirmirik. Bizim millinin bu rəqiblərdən zəif olduğunu bilirik, amma son vaxtlardakı oyunların bizə müsbət təsir edəcəyinə inanıram. İkincisi, heyət düzgün qurulmalıdır, yəni kim müdafiədə, kim orta xətdə və hücumda olmalıdır, bunu yaxşı bilmək lazımdır. Bu üç xətti birləşdirən amil nə olmalıdır, bunu düzgün analız etmək vacibdir. Üçüncüsü də, bəxtimiz gətirməlidir. Belə oyunlarda hər şey futbolçulardan asılıdır. Məşqçi taktikanı izah edir, məşqlərdə bunu yerinə yetirir, daha sonra futbolçular öz aralarında bunu müzakirə edərək, daha yaxşı hazırlaşırlar. Hər iki rəqibin oyunlarına hamımız bələdik, çox güclü komandalardır. İtaliyada məşqçi dəyişikliyi olub, hər məşqçinin də öz futbol fəlsəfəsi var. Əvvəlki baş məşqçi Çezare Prandelli üç müdafiəçi ilə oynamaqdan imtina edirdisə, mənə elə gəlir ki, indi Antonio Konte 3-5-2 taktiki sxeminə üstünlük verəcək. Bu taktikaya görə Pirlonu milliyə dəvət edib ki, orta xətt güclənsin və qol vəziyyətləri yaransın”.

“Öncədən özümüzü məğlub görəcəyiksə, oyuna çıxmasaq yaxşıdır”

Vaqif Sadıqov: “Hədəfimiz Avro-2016-nın final mərhələsinə çıxmaqdırsa, komanda istər-istəməz bu görüşlərdə nəyə qadir olduğunu ortaya qoymalı, əsl gücünü göstərməlidir. Bu iki rəqib qrupun favoritləri olsa da, onlara qarşı məzmunlu oyun sərgiləmək lazımdır. Hər iki rəqib ilk matçında 3 xal qazanaraq, psixoloji üstünlüyə yiyələnib. Bizim milli isə Bolqarıstanla oyunda xal qazanmaq iqtidarında olsa da, uduzdu. İndi komandamız iki güclü rəqiblə oynamaq üçün səfərə yollanıb. Bu oyunlar haqda danışarkən onu demək olar ki, rəqiblər bizdən qat-qat güclüdürlər. Bundan əlavə, ev sahibləri olduqları üçün üstünlük onlarda olacaq. Ancaq mən həmişə deyirəm ki, reallığı dəyişdirən insanlar, şəxsiyyətlər olur. Hesab edirəm ki, millinin heyətində məşqçilərdən tutmuş, oyunçulara qədər, hamı şəxsiyyətdir. Lazım olsa, bu reallığı dəyişə bilərik. Bizim sevinməyə haqqımız var və ümid edirəm ki, komandamız əlindən gələni düzgün şəkildə edərək, daha yaxşı oyun sərgiləyə bilər. Düzdür, rəqiblər güclüdür, amma son dünya çempionatında hər iki komandanın uğursuzluğunu gördük. Bu da onu göstərir ki, hər bir komandaya qarşı oynamaq mümkündür. Həmişə qeyd edirəm, dünyada zəif komanda anlayışı getdikcə sıradan çıxır. Bu iki çətin oyunda rəqiblərin şansı daha çoxdur, ancaq öncədən özümüzü məğlub görəcəyiksə, oyuna çıxmasaq, ondan yaxşıdır. Bunu dərk etmək lazımdır. Mübarizə aparan komada qurmalıyıq, belə oyunlarla inkişaf edəcəyik. Məncə, bizdə bu potensial var, bunu üzə çıxarmaq üçün çalışmalıyıq”.

“Futbolçular rəqibin İtaliya və ya Xorvatiya olduğuna fikir verməməlidirlər”

Xaqani Məmmədov: “Ümumilikdə bizim qrupdakı komandalar güclü rəqiblərdir. Xüsusən də, İtaliya və Xorvatiya ilə oyunlar bizim üçün çətin olacaq. Azərbaycan futbolunda son vaxtlar olan inkişafa görə, millimizin nəsə edə biləcəyinə inanmaq olar. Rəqiblər həmişə Avropada yüksək səviyyədə oynamış komandalardır. Onlar həm qrupda, həm bizimlə oyunlarda favoritdirlər. Bizim yığma bu oyunun məsuliyyətini dərk edərək meydançaya çıxsa, nəsə edə bilər, hətta xal da ala bilər. Futbolda hər şey mümkündür, bu vaxta qədər bir çox sürprizlər olub. Heç bir rəqib zəif deyil, bütün komandalar oyunlara ciddi hazırlıq keçərək çıxırlar. Komandamız yenə də psixoloji cəhətdən yaxşı durumda olmalı və rəqibin İtaliya və ya Xorvatiya olduğuna fikir verməməlidir”.

“Berti Foqts düzgün addım atır”

Sabir Əliyev: “Milli komadamızın oyunlarını izləyirəm, Berti Foqts cavanlaşma siyasəti aparır. Təcrübəli futbolçuların bəzilərini çağırmayıb. Mən də düşünürəm ki, düzgün addım atır. Çünki belə addımla gələcəyi düşündüyünü göstərir. Rəqiblər çox çətin və güclüdürlər. Hədəfi Avro-2016-nın final mərhələsi olan milli bu düşüncə ilə oyuna çıxmalıdır. Mənim fikrimcə, bu oyunlardan xal qazanmaq şansımız çox azdır, amma futbolda hər şey ola bilər. İtaliya qrupun favoritidir, 4 qat dünya çempionluğu yaşayan millidir. Son vaxtlar klublarımızın Avrokubok oyunlarında əvvəlki illərə nisbətən yaxşı çıxış etmələrinin milliyə də müsbət təsir edəcəyinə inanıram. Düzdür, “Qarabağ”da oynayan əcnəbilər futbolçuların oyunları da nəticəyə təsir edir. Amma bizim oyunçularımız da yaxşı oynayırlar. İnkişaf hiss olunur. Uğur qazandıqca istək daha da artacaq. Klublarda yaxşı oyun nümayiş etdirən oyunçulardan millidə istifadə etmək lazımdır, xüsusən də, Ağdam klubunun üzvlərindən. Arzum odur ki, millimiz bizi sevindirsin. Düzdür, ağır oyunlardır, amma yaxşı çıxış etsələr, nəsə etmək olar”.

“Xorvatlarla oyun daha çətin olacaq”

Vladislav Qədirov: “Bu oyunlar barədə nəsə demək çox çətindir. Millimiz üçün ağır olacaq. İstər İtaliya, istərsə də Xorvatiya millisi çox güclü rəqiblərdir. Təbii ki, son vaxtlar Avropada uğurlu çıxış edən “Qarabağ”ın oyunlarının yığmaya haradasa müsbət təsir edəcəyinə inanıram. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərməlidirlər. “Qarabağ”ın İtaliyada göstərdiyi oyun kimi oynamaq lazımdır. Düzdür, məğlub olduq, amma çox baxımlı oyun nümayiş olundu. Ağdam klubunda oynayanların bəziləri milli üzvləridir. Bu uğuru yığmada da təkrarlamaq lazımdır. Millimiz heç-heçə etsə, bu, bizim üçün sevindirici hal olar. Uzunmüddətli hazırlıq dönəminin də oyunçulara yaxşı təsir edəcəyinə inanıram. Bu qədər müddət bir yerdədirlərsə, nisbətən yaxşı nəticə gözləməyə haqqımız var. İtaliyada sakit oynasaq xal ala bilərik, amma xorvatlarla çətin olacaq”.

“İtaliya “Qarabağ”ın gücünü gördüyü üçün bizi ciddiyə alacaq”

Şahin Diniyev: “İtaliya, Xorvatiya deyəndə artıq rəqibin gücü bəlli olur. Bizim oyunların hamısı çətindir, lakin bu iki görüş daha çətin olacaq. Belə Avropa nəhəngləri ilə ard-arda səfərdə qarşılaşmaq heç yaxşı deyil. Yəni xal almaq çox çətindir. Avropada istənilən rəqibi güclü görərək oyuna hazırlaşırlar. Zənn etməyin ki, bizimlə zəif oynayacaqlar. İtaliya “Qarabağ”ın gücünü gördü və bizi çox ciddiyə alacaq. Demirəm xal alaq, heç-heçə və ya qələbə qazanaq; heç olmasa “qapazaltı” olmayaq. Mənim istəyim odur ki, baxımlı oyun göstərək. Komandamızın bunu dərk edəcəyini ümid edirəm. Çalışmalıdırlar meydançanın hər qarışında “vuruşaraq” mübarizə aparsınlar. Bu çətin matçlarda məğlub olsaq belə, layiqli məğlub olaq, yəni oyun göstərək. Son vaxtlar klublarımızın uğurunun milliyə müəyyən qədər müsbət təsiri olacaq. Amma 180 dərəcə dəyişən bir şey olmayacaq, çox az təsiri olacaq. Milli komanda ayrıdır, klublar ayrı”.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here