Sahibkar: Quba xalçalarına maraq artıb

0
23

“Toxunduğu yerin təbiətini, onu ərsəyə gətirən insanların dünyagörüşünü özündə əks etdirən xalçalar həm xalqımızın məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətimizin bir nümunəsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Bir sözlə, ölkəmizi xalçasız təsəvvür etmək qeyri-mümkündür. Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri sayılan xalçaçılığa maraq daha da artıb. Bu mənada xalçaçılığın inkişafı yeni dövrə qədəm qoyub desəm, yanılmaram”.

Bu fikirləri “Qədim Quba” Özəl Xalça Müəssisəsinin direktoru, “Tərəqqi” medallı Humayə Məmmədova “İki sahil” qəzetinə açıqlamasında söylədi.

 Bildirdi ki, bu marağın artması dövlət başçımızın, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan həssas münasibətlərinin nəticəsidir: “Bu gün  ölkəmizin bölgələrində müasir xalça fabriklərinin inşası geniş vüsət alıb. Belə ki, Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qobustan rayonlarında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialları fəaliyyət göstərir və yeni müəssisələrin inşası davam etdirilir. Onu da deyim ki, xalça fabriklərində toxunan məhsullar artıq “Made in Azerbaijan” brendi ilə dünyaya ixrac olunur. Bu məhsullarla ölkəmiz təkcə maddi gəlir əldə etmir. Bu prosesdə dövlətimizin mənəvi qazancı daha çoxdur. Belə ki, xalçalarımızın hər birində bizim mədəniyyətimiz, dünyaya baxışımız,  dünənimiz, bugünümüz nağılvari  ilmələrin dili ilə bəşəriyyətə çatdırılır. Digər tərəfdən, Prezident İlham Əliyevin bildirdiyi kimi, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını da dünyaya bir daha göstəririk”.

Prezident İlham Əliyevin mənəvi, dövlətimizin maliyyə dəstəyi nəticəsində respublikamızda sahibkarlığın inkişafının geniş vüsət aldığını, respublikamızda güclü sahibkarlar sinfinin formalaşdığını qeyd edən müsahibimizin fikrincə, bu gün hər bir imkanlı adam ölkəmizin müxtəlif bölgələrində sahibkarlığın  inkişafında maraqlıdır, odur ki, gündən-günə onların sayı artır: “Şübhəsiz, bu, hər şeydən əvvəl, sahibkarlıq mühitinə göstərilən diqqət və qayğının parlaq təzahürüdür”.

Daha sonra Quba xalçaçılıq məktəbindən söz açan müsahibimiz vurğuladı ki, bu rayon həmişə xalçaçılıq mərkəzlərindən biri olub: “Qubada toxunan xalçalar həm respulikamızın,  həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərinin ən qiymətli eksponatları sırasındadır”.

Onun sözlərinə görə, Quba xalçaçılıq məktəbi özünəməxsus ilmələri, üslubu və naxışlarına görə fərqlənir: “Qubanı turistlər üçün cazibədar edən əsas cəhətlərdən biri də qədim tarixə malik xalça sənətkarlığıdır.  Buraya gələn əcnəbilər adı dillər əzbəri olan, naxışlarının zənginliyi, elementlərinin xırdalığı, ilmələrinin sıxlığı, həmçinin rəng çalarlarının çoxluğu ilə fərqlənən Quba xalçalarına xüsusi maraq göstərir və onları sevə-sevə alırlar. Hətta xalçalarımıza valeh olduqlarını etiraf edirlər. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Qarabağ xalçalarında ilmələrin sayı hər 5-10 santimetrində 28-30, Gəncə xalçalarında 28-35-ə qədərdirsə, Quba xalçalarında bu məsafəyə 35-dən 60-a qədər ilmə düşür. Quba xalçaçılıq məktəbi özündə 35-ə yaxın ornament kompozisiyalı xalçanı birləşdirir.

Müsahibimiz rəhbərlik etdiyi müəssisəyə də xarici turistlərin baş çəkdiklərini vurğuladı: “Onlar burada həm istehsal prosesi ilə tanış olur, həm də müəssisəmizin nəzdində fəaliyyət göstərən mağazadan müxtəlif çeşnili xalçalar alırlar. Amma müşahidələrimə əsasən onu da deyim ki, son illər ölkəmizin vətəndaşlarının da Quba xalçalarına marağı artıb”. Daha sonra “Qədim Quba” barədə ətraflı məlumat verən Humayə Məmmədova bildirdi ki, hazırda rayonda  xalçaçılıqla məşğul olan bir neçə müəssisə var ki, onlardan biri də “Qədim Quba”dır: “Bu müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, unudulmaqda olan ənənələrin yenidən bərpa edilməsi, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də mühüm rol oynayır”.

Söhbətinin bu yerində Humay Məmmədova bir maraqlı faktdan da söz açdı: “Bir zamanlar insanlar maşınlarda istehsal olunan xalçalara üstünlük verirdilər. Amma bu maraq uzun sürmədi. Məsələn, mənim qızım ailə quranda cehiz kimi maşınla hazırlanmış xalça apardı. Amma hec 5-6 ay keçməmiş əllə toxunan xalçalara üstünlük verdi. Bir sözlə, son illər yeni ailə quranlar emalatxanamıza gəlir, öz zövqlərinə uyğun qədim xalçalar seçirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”